İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olub. 1981-ci ildə ordu sıralarına çağırılıb və daxili qoşunlarda xidmət edib.
QHT.az xəbər verir ki, hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirib. Hərbi xidmətdən qayıtdıqdan sonra 1990-cı ildə Xocalı Polis şöbəsində işə düzəlib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları ilə Rusiyanın 366-cı motoatıcı alayının birləşərək törətdiyi Xocalı soyqırımı zamanı İnqilab İsmayılov döyüşə atılıb və döyüşçü yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxarıb. O, əhalinin çoxunu Oğuz rayonunda yerləşdirərək yenidən cəbhə xəttinə dönüb. Fəaliyyətini Ağdam rayon Polis şöbəsinin post-patrul xidmətində davam etdirən İnqilab İsmayılov 12 iyun 1992-ci ildə düşmən qüvvələrinin Daşbaşı yüksəkliyinə hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ruhu şad, xatirəsi əbədi olsun!