“Bude/Qlimt”in Azərbaycanda bir azarkeşi var. Söhbət sosial şəbəkələrdə məşhurlaşan Qurban Hacıyevdən gedir. Qurban ötən il Norveçə - klubun bazasına getmişdi. İndi də belə ehtimal varmı? Klubla əlaqə saxlayırmı? Norveç təmsilçisi niyə belə uğurludu? Bu mövsüm “Bude/Qlimt”i “Qarabağ”dan uğurlu saymaq olar? Komandanın Azərbaycandakı yeganə fanatı suallarımızı cavabladı:
“Birinci dəfə klubun bazasına gedəndə dəvət olmuşdu, amma viza dəvəti idi. Maddi tərəfini azarkeşlər həll etmişdi. İkinci dəfə də maliyyə həll olunsa, yenə də gedə bilərəm. Bu dəfə dəvətnaməyə ehtiyac olmayacaq, viza işləri bu dəfə asan olacaq. “Bude/Qlimt”in güclü olmasının səbəbi güclü yarımmüdafiəsi ilə bağlıdı. Həm də universal komandadı. Qurban Qurbanovdan fərqli “Bude/Qlimt”in baş məşqçisi rəqibdən asılı olaraq öz prinsipindən daşınır. Evdə, adətən, dominant futbol oynayırlar. Amma rəqibdən asılı olaraq bu taktika dəyişə də bilir. Məsələn, “İnter” güclü pressinq edirdi. “Bude/Qlimt” buna görə də müdafiədən qısa ötürmələrlə yox, əksər hallarda hava ötürmələri ilə çıxırdı. Əlbəttə, “Bude/Qlimt” “Qarabağ”dan uğurludu. Çünki qalib gəldiyi rəqiblər daha güclüdü - “Mançester Siti”, “Atletiko”, “İnter”. “Qarabağ”ı aşağılamıram, amma reallıqdı”.
MÜZƏFFƏR QULUZADƏ