Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oktay və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dörüş zamanı, Azərbaycan–Türkiyə arasında müttəfiqlik və Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də geniş bölgədə təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Görüşdə, Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin, xüsusilə xarici əlaqələr komitələri arasında müntəzəm təmasların əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasının münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeyd olunub.
Tərəflər Parlamentlər ilə yanaşı xarici işlər və müdafiə nazirləri arasında üçtərəfli əməkdaşlıq formatlarının regionda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə töhfə verdiyini qeyd ediblər. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizin inkişafı, regional iqtisadi inteqrasiya müzakirə olunan əsas mövzular sırasında olub.