EN

“Elmşünaslığı və təhsilşünaslığı bilmədən nə elm və təhsili idarə etmək, nə də neft kapitalını insan kapitalına çevirmək mümkün deyil”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Neft kapitalından insan kapitalına keçid: bu şüardır, yoxsa strategiya?  Resurs iqtisadiyyatından bilik iqtisadiyyatına keçid XXI əsrin əsas çağırışıdır. Xüsusilə təbii sərvətlərə malik ölkələr üçün “neft kapitalını insan kapitalına çevirmək” çox aktualdır. Bu keçid yalnız maliyyə vəsaitinin artırılması ilə mümkün deyil. Əsas şərt – elmi və təhsil sistemini düzgün təşkil və idarə etməkdir. 

Bunun üçün isə iki fundamental sahə vacibdir: elmşünaslıq və təhsilşünaslıq. Bu elmləri bilmədən elm və təhsili idarə etməyə cəhd etmək təkcə strateji səhv deyil, bu sistemli riskdir. Uzunmüddətli perspektivdə isə bu, milli inkişaf üçün faciəvi nəticələr doğurar.

İnsan kapitalı maliyyə ilə deyil, sistemlə formalaşır. İnsan kapitalı keyfiyyətli təhsil, elmi məhsuldarlıq, innovasiya mühiti, tədqiqat infrastrukturu, akademik azadlıq və məsuliyyət balansı üzərində qurulur. Sadəcə büdcəni artırmaq hələ  inkişaf  deyil. Əgər sistemli yanaşma yoxdursa, resurslar struktur problemlərin içində əriməyə başlayır. 

Neft kapitalı müvəqqətidir. İnsan kapitalı isə davamlıdır. Amma insan kapitalı təsadüfi qərarlarla formalaşa bilməz. Bu proses  uzunmüddətli, strateji yanaşma, elmi  idarəetmə və peşəkarlıq tələb edir. 

Elmin mexanizmini bilmədən onu idarə etmək, nə demək?  Elmşünaslığı, elmin mexanizmini bilmədən onu idarə etmək mümkün deyil. Elmşünaslıq elmin institusional quruluşunu, maliyyələşmə modellərini, tədqiqat prioritetlərinin seçilmə mexanizmini, sitat və impakt sistemini, elmi məhsuldarlıq indikatorlarını araşdırır. Bu bilik olmadan qrant siyasəti düzgün qurulmur, prioritet sahələr təsadüfi seçilir, KPI ilə real keyfiyyət qarışdırılır, formal göstəricilər əsas məqsədə çevrilir. 

Elm yalnız məqalə sayı deyil. Elm iqtisadi artımın, texnoloji suverenliyin və milli təhlükəsizliyin əsas dayağıdır.  Elmşünaslıqdan xəbərsiz idarəçilik elmi büdcə maddəsinə, israfçılığa çevirir, inkişaf lokomotivinə yox. Elmdən uzaq  menecrlərin verdikləri cüzi elm-təhsil qrantları da şəffaf, obyektiv və inkişaf yönlü yox, şəxsi maraqlara xidmət edən, israfçılıqdır. 

Sistemli təhsil düşüncəsi olmadan təhsil  islahatı  mümkün deyil.  Təhsilşünaslıq bilikləri, sistemli təhsil düşüncəsi olmadan aparılan təhsil islahatı yalnız tərsinə qurulmuş təhsil sistemi qura bilər.  Təhsilşünaslıq yalnız dərs metodikası deyil. Təhsilşünaslıq  kurikulum arxitekturası, qiymətləndirmə mexanizmləri, təhsil iqtisadiyyatı, insan kapitalı nəzəriyyəsi, rəqəmsal transformasiya strategiyası, ali təhsilin idarəedilməsi modeli kimi mühüm məsələləri əhatə edir.  Bu biliklər  olmadan aparılan islahatlar  sənədləri dəyişir, nəticəni dəyişmir, strukturu dəyişir, keyfiyyəti dəyişmir, rəqəmsallaşma platforma almaqla bitir,  tələbə yalnız statistik göstəriciyə çevrilir. 

Təhsil sistemi iqtisadi və sosial transformasiyanın əsas alətidir. Onu yalnız inzibati mexanizmlərlə yox, elmi və sistemli yanaşma ilə idarə etmək mümkündür. 

İdarəçilik texniki deyil, strateji məsələdir.  Elm və təhsil idarəçiliyi strateji planlama, risk analizi, data əsaslı qərarvermə, biliklərin idarəsi, akademik mühitin balanslaşdırılması kimi kompleks  mexanizmlər  tələb edir.  Əgər rəhbərlik elmin daxili mexanizmini anlamırsa,  təhsilin sosial-iqtisadi rolunu dərk etmirsə, uzunmüddətli strategiya qura bilmirsə, onda  büdcə artımı da bu sistemi xilas etmir. Nəticədə zahirən fəal,  daxilən zəif struktur yaranır.

Praktik təcrübə nəzəriyyənin real sınaq meydanıdır.  Elm və təhsil sistemini idarə edən menecerlər akademik mühitdə çalışmış, tədqiqatlarda iştirak etmiş, tədris mexanizmini praktik tətbiq etmiş, layihə və qrant idarəçiliyində təcrübə toplmış şəxslər olmalıdır. Sahədən uzaq idarəçi sistemin daxili dinamikasını anlamır və qərarlar real mühitə uyğun olmur. 

Sonluq pis ola bilər.  Əgər elm siyasəti populist bəyanatlara çevrilərsə, təhsil islahatları imic layihəsi olarsa, rəqəmsallaşma texniki şouya dönərsə, insan kapitalı uzunmüddətli strategiya deyil, qısamüddətli hesabat predmetinə çevrilərsə, onda ölkədən beyin axını sürətlənir, elmi mühit zəifləyir, universitetlər formal diplom verən struktura çevrilər, iqtisadiyyat isə innovasiya potensialını itirər.  Bu durumda  neft kapitalının insan kapitalına çevrilməz.  

Elm-təhsil  idarəçiliyi simvolik yox, peşəkar olmalıdır. Elm və təhsili idarə etmək üçün təkcə xarici dil bilməkdən kifayət deyil. Bu daha mürəkkəb prosesdir. Bu  büdcə bölməkdən daha dərin, struktur dəyişməkdən daha stratejidir. 

Əgər biz həqiqətən neft kapitalını insan kapitalına çevirmək istəyiriksə, ilk növbədə elmşünaslıq biliyini, təhsilşünaslıq anlayışını,  akademik praktik təcrübəni, data əsaslı strateji idarəetməni prioritet etməliyik.  Əks halda maliyyə xərclənəcək, amma sistem güclənməyəcək, necə ki, son illər elm-təhsil bdcəsi 5 dəfə artsa da, tənəzzül baş verdi. 

Tarixi təcrübə  göstərir ki, resursu olan, amma elm-təhsil sistemi olmayan ölkələr inkişaf etmir. Biz sərvəti gələcəyə çevirəcəyik, yoxsa onu hesabatlarda  itirəcəyik?

İlham  Əhmədov 

Dosent

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
icma.az

1Sources