EN

Seymur Adıgözəlov: Bu il sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır  

Ötən il sənaye zonaları üçün beynəlxalq əməkdaşlıq baxımından da əlamətdar olub. Belə ki, İZİA ilə “China Datang Overseas Investment” şirkəti arasında Abşeron yarımadasında “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Sumqayıt Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə torpaq sahəsinin icarəsinə dair müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun 2025-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İqtisadi Zonaların İnkişafı Agentliyi sənayenin inkişafında kadr hazırlığı üzrə fəaliyyətini davam etdirir.

“Hazırda agentliyin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində 14 ixtisas üzrə 500-ə yaxın tələbə təhsil alır. Mərkəz 54 qurum və şirkətlə əməkdaşlıq edir. Peşə Təhsil Mərkəzinin məzunlarının 70 faizi işlə təmin olunub və onların da bir hissəsi sənaye parklarında fəaliyyət göstərən rezidentlərimiz tərəfindən işə götürülüb. Qeyd edim ki, Peşə Təhsil Mərkəzində rezidentlərin ehtiyaclarına və müasir tendensiyalara uyğun olaraq yeni ixtisaslar yaradılır. Bu istiqamətdə peşəkar kadrların hazırlanması və onların müvafiq işlə təmin edilməsi üçün rezidentlərlə qarşılıqlı fəaliyyət ildən-ilə genişlənir”, - deyə Seymur Adıgözəlov vurğulayıb.

Onun sözlərinə görə, 2026-cı ildə sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması və 2 müəssisənin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır: “Artıq yanvar ayında Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında iki müəssisənin açılışını edib, bir müəssisənin təməlini qoyub. Dövlət başçısının sənaye zonalarının inkişafına göstərdiyi diqqət və dəstək bu sahənin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən olduğunu bir daha təsdiq edir”.

3Sources