ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əfqan Vəliyev
Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü
Məqalədə 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət quruculuğu prosesində elm və təhsil islahatları kompleks şəkildə tədqiq edilir. Tədqiqatın əsas məqsədi Cümhuriyyət hökumətinin milli kadr hazırlığı, təhsilin milliləşdirilməsi və elmi potensialın formalaşdırılması istiqamətində həyata keçirdiyi strateji addımları müəyyən etməkdir.
İşdə təhsil sahəsindəki köklü transformasiyalar — ana dilinin dövlət dili elan edilməsi, məktəblərin milliləşdirilməsi, yeni dərsliklərin hazırlanması və ibtidai təhsilin məcburiliyi istiqamətində atılan addımlar təhlil olunur. Xüsusi diqqət 1919-cu ildə Bakı Dövlət Universitetinin təsisi və 100 nəfər azərbaycanlı gəncin xaricə təhsil almağa göndərilməsi kimi tarixi qərarların milli intibahdakı roluna yönəldilir. Nəticədə sübut olunur ki, AXC-nin elm və təhsil siyasəti təkcə savadsızlığın aradan qaldırılmasına deyil, həm də müasir tipli milli ziyalı təbəqəsinin formalaşmasına və Azərbaycanın gələcək elmi infrastrukturunun təməlinin qoyulmasına xidmət etmişdir.
Xalq Maarifi Nazirliyinin yaranması, elm və təhsilin milliləşdirilməsi və modernləşdirilməsi:
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 aylıq fəaliyyəti dövründə elm və təhsilin milliləşdirilməsi və modernləşdirilməsi istiqamətində fundamental islahatlar həyata keçirmişdir. Xalq Cümhuriyyətinin geniş fəaliyyət istiqamətlərindən biri də təhsil siyasəti ilə bağlı olmuşdur. Azərbaycanın dövlətçilik tarixində birinci respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin həyata keçirdiyi təhsil siyasətinin araşdırılması ölkəmizdə təhsilin inkişafı tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. AXC hökumətinin 1918-ci il 30 iyun tarixli qərarına əsasən təhsil sistemini mərkəzləşdirilmiş qaydada idarə etmək üçün Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və müvafiq kadrlarla təmin edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən təhsilin milli əsaslar üzərində qurulması və inkişaf etdirilməsi məsələlərini diqqət mərkəzində saxlayırdı. Təsadüfi deyil ki, hökumət hələ Gəncədə fəaliyyət göstərərkən 1918-ci il 30 iyun tarixli qərarla Xalq Maarifi Nazirliyinin ştat tərkibi təsdiqlənmişdi.[i] Nazirliyin səlahiyyətinə xalq maarifinə aid qanun layihələri hazırlamaq, ölkədə maarifin və elmin inkişafı üzrə tədbirlər planı müəyyənləşdirmək, ümumiyyətlə, təhsillə bağlı məsələlərin icrası daxil idi. Nazirliyin nəzdində ali və orta ixtisas, xalq və peşə təhsilləri işləri üzrə üç şöbə yaradılmışdı. Gənc respublikada milli təhsil quruculuğu istiqamətində nazirlik tərəfindən sistemli, ardıcıl tədbirlər həyata keçirilirdi.
Hökumətin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, türk dili dövlət dili elan edilmişdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. “Milli hökumət bu imperialist, zorakı, qeyri-milli, qeyri-mədəni təhsil sistemini bir həmlədə ləğv edərək onun yerinə bütün müsəlman Şərqi üçün nümunə ola biləcək yeni bir sistem yaratdı. Bu təhsil sisteminə görə:
1. Təhsil dar çərçivəli deyil, ümumi və əhatəli, sözün əsl mənasında mili məktəb idi. Məktəblər kişili-qadınlı hər kəsə açıq idi. İbtidai təhsil məcburi idi.
2. Təhsil kosmopolit deyil, milli idi: bəşəri dəyərlərə önəm verilirdi.
3. Təhsil tamamilə azad idi. Tədrisdə elmi metodlar hakim idi. Düşüncə, vicdan, din azadlığı qanunun himayəsində idi.
4. Təhsildə məqsəd imperiyaya kölə məmur deyil, azad düşüncəli, ziyalı vətəndaşlar yetişdirmək idi.
5. Məktəblərdə qorxu, terror deyil, sevgi, hüzur, himayədar və anlayışlı, milli vəzifədən doğan bir nizam-intizam hakim idi.
Bu əsaslara söykənən milli-mədəni inqilab özündən öncəki nəsillərin ideallarını və çağdaş Azərbaycan türklüyünü formalaşdıracaq ziyalı bir nəsil yetişdirəcəkdi. Dilinə, dininə, kültürünə, mədəniyyətinə bağlı olan bu nəsil Avropa mədəniyyəti ilə mücəhhəz hürr fikirli, hürr vicdanlı ziyalı kadrı formalaşacaqdı”.[ii] Bu islahatlar nəticəsində Azərbaycan təhsili dini-sxolastik xarakterdən uzaqlaşaraq dünyəvi və milli təməllər üzərində qurulmuşdur.
Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi. Tədrisi dövlət dilində olmayan məktəblərin yuxarı siniflərində Azərbaycan dili həftədə 4 saatdan az olmamaqla məcburi fənn kimi tədris edilirdi. Azərbaycan hökuməti ölkədə yaşayan digər xalqların övladlarının öz dillərində təhsil almasına da müvafiq şərait yaradırdı. Maarif sisteminin milliləşdirilməsi sahəsində ən böyük çətinlik müəllim kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bu kurslara 150 nəfər cəlb edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi haqqında qərar qəbul etmişdir. Azərbaycanda hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ilin əvvəllərində 637 ibtidai məktəb 23 orta ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi. 1919-cu ilin sentyabrında Lənkəranda kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı. 1919-cu il sentyabrın 11-də Azərbaycan hökumətinin qərarı ilə “Müqəddəs Nina” məktəblərinin adları dəyişdirilərək, Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın gimnaziyası və Şəki qadın gimnaziyası adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı, Şəki, Şuşa, Göyçayda realnı və müəllim hazırlayan məktəblər açılması haqqında parlamentə qanun layihəsi təqdim etmiş və layihə bəyənilmişdi. Həmin dövrdə tədris prosesinin təşkili üçün ən ümdə vəzifələrdən biri müəllim kadrlarına olan tələbatın ödənilməsini təmin etmək idi. O zaman Gəncədə seminariya fəaliyyət göstərirdi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi də müəllim hazırlığı baxımından atılmış məqsədyönlü addım idi. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində təhsil müəssisələrinin şəbəkəsi getdikcə genişləndi.[iii]