Bir diyetoloq quzu ətinin hansı vitamin çatışmazlıqlarını kompensasiya edə biləcəyini açıqlayıb.
E-saglam.az xəbər verir ki, diyetoloq Olqa Luşnikova bildirib ki, quzu əti müasir qidalanmada tez-tez çatışmayan bir çox vacib mikroelementlərlə zəngindir.
O vurğulayıb ki, quzu əti B qrup vitaminlərinin, xüsusilə də sinir sistemi və qırmızı qan hüceyrələrinin formalaşması üçün vacib olan B12 vitamininin ən yaxşı mənbələrindən biridir. Bu vitamin bitki qidalarında demək olar ki, yoxdur, ağ ət isə onu az miqdarda ehtiva edir.
Quzu əti həmçinin orqanizmin bitki mənşəli dəmirdən daha yaxşı mənimsədiyi hem dəmiri ilə zəngindir. Dəmir hemoglobinin, tiroid hormonlarının və kollagenin sintezi üçün vacibdir və bədənin detoks proseslərində mühüm rol oynayır.
Məhsulda olan sink immuniteti gücləndirir, toxumaların bərpasını sürətləndirir və xüsusən kişilər üçün reproduktiv sağlamlıq baxımından əhəmiyyətlidir. Linoleik və alfa-linolenik yağ turşuları isə xolesterolun normallaşmasına kömək edir.
Diyetoloq son olaraq qeyd edib ki, quzu əti əzələ artımı və enerji üçün vacib olan kreatinin də təbii mənbələrindən biridir. Kreatin həm əzələlərin qorunmasına, həm də yaddaş, diqqət və əhval-ruhiyyənin yaxşılaşmasına müsbət təsir göstərir.
Tərcümə: Könül Oruc
E-saglam.az