EN

TİM sədri: Türkiyə və Azərbaycan arasında mövcud olan fürsətləri reallaşdırmaq üçün çox çalışmalıyıq

Bakı, 24 fevral, AZƏRTAC

Türkiyə və Azərbaycan bu coğrafiyanın 2 güclü dövlətidir. Ancaq ölkələrimiz arasındakı ticarət həcmi arzuolunan səviyyədə deyil. Son zamanlarda ticarət həcmimiz 7 milyard dollara çatıb. Tək millət, iki dövlət olaraq biz bu həcmin 15 milyard dolları ötməsini hədəfləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri Mustafa Gültəpə “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və “B2B” görüşləri” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, ötən il 11 min 300-dən çox Türkiyə şirkəti Azərbaycana məhsul ixrac edib.

“Türkiyə İxracatçılar Məclisi olaraq, ölkəmizdə ixracat sahəsində fəaliyyət göstərən ən böyük təşkilatıq. 27 sektoru, 61 ixracatçı birliyini və 160 mindən çox ixracatçını təmsil edirik. Azərbaycan iqtisadiyyatı sürətlə böyüyür. Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2030-cu ildə Azərbaycan ÜDM-nin 100 milyard dollar səviyyəsini ötəcəyi gözlənilir. Bu gün 7500 dollar ətrafında olan adambaşına düşən gəlirin isə 9000 dolları ötəcəyi proqnozlaşdırılır. Bu inkişaf çərçivəsində bir çox sahədə strateji əməkdaşlıq əldə edə bilərik. Qarabağ və Şərqi Zəngəzurdakı layihələrə böyük önəm veririk. Zəngəzur dəhlizi Naxçıvan üzərindən Bakıya birbaşa bağlantını təmin edəcək. Dəhliz açıldıqda Türk dünyası ilə birbaşa əlaqə qura biləcəyik. Azərbaycan isə qlobal logistika mərkəzinə çevrilə biləcək. Ölkələrimiz arasında müxtəlif sahələrdə vacib əməkdaşlıqlar üçün fürsətlər var. Bu potensialı reallaşdırmaq üçün daha çox çalışmalıyıq”,- deyə o qeyd edib.

Chosen
18
2
azertag.az

3Sources