EN

Gürcüstan-Ermənistan tranzit xəttində yeni böhran: 100-dən çox TIR sərhəddə qalıb

Ermənistanın ixracatçı şirkətləri növbəti dəfə Gürcüstan üzərindən tranzit daşımalar zamanı ciddi problemlə üz-üzə qalıb. Fevralın 12-dən etibarən 100-dən çox erməni yük maşınının Gürcüstan ərazisində saxlanıldığı bildirilir. Söhbət əsasən tikinti materialları daşıyan TIR-lardan gedir.

Ekologiya.az bildirir ki, Musavat.com-un məlumatına görə, yük maşınları Gürcüstanın Rusiya ilə sərhədinə yaxın ərazidə yerləşən Kobi TIR terminalında – Yuxarı Lars sərhəd-keçid məntəqəsinin yaxınlığında dayanmağa məcbur edilib. Sürücülər bildirirlər ki, sənədlərlə bağlı heç bir problem olmayıb, lakin Gürcüstan tərəfi gecikmələrin səbəbi ilə bağlı rəsmi və aydın izahat təqdim etməyib.

Məsələ ilə bağlı İrəvan hələlik rəsmi açıqlama verməkdən yayınır. Ermənistan İqtisadiyyat Nazirliyi bildirib ki, fevralın 20-də ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan ilə Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili arasında keçirilən görüşdə Gürcüstan ərazisindən maneəsiz tranzit məsələsi müzakirə olunub. Lakin danışıqların nəticələri açıqlanmayıb.

Ermənistan parlamentinin müxalif deputatı Qarnik Danielyan isə bildirib ki, bu cür hallar ilk dəfə baş vermir. Onun sözlərinə görə, saxlanılan yük maşınlarının bir hissəsi sonradan Tbilisi yaxınlığında yerləşən Gezi gömrük terminalına yönləndirilib. Deputat gecikmələrin arxasında siyasi motivlərin ola biləcəyini istisna etməyib və qeyd edib ki, oxşar problemlər vaxtaşırı həm Gürcüstan, həm də Rusiya sərhəd-keçid məntəqələrində ortaya çıxır.

Bu arada Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidməti ittihamları qəbul etmir. Qurumdan bildirilib ki, erməni daşıyıcılar üçün hər hansı süni maneə yaradılmayıb və hazırda yalnız standart gömrük yoxlamaları həyata keçirilir. Rəsmi Tbilisinin mövqeyinə görə, yük maşınlarının mərhələli şəkildə buraxılışına artıq başlanılıb və proses davam etdiriləcək.

Qeyd edək ki, Gürcüstan üzərindən keçən ümumi tranzit yük axınının təxminən 40 faizi erməni daşıyıcıların payına düşür. Təkcə 2025-ci ilin ilk 11 ayı ərzində Ermənistan şirkətləri Gürcüstan ərazisindən tranzit üçün təxminən 23 milyon dollar ödəyib. Mövcud vəziyyət isə regionda logistika zəncirinin siyasi risklərdən nə dərəcədə asılı olduğunu bir daha gündəmə gətirir.

Chosen
19
ekologiya.az

1Sources