EN

Trampa Sülh Mükafatının verilməsi rüsvayçılıq adlandırılıb

“Lion”un baş məşqçisi FİFA-nın qərarını sərt tənqid edib...

Poliqon xəbər verir ki, Fransanın “Lion” klubunun baş məşqçisi, portuqaliyalı mütəxəssis Paulu Fonseka Fransanın L'Équipe nəşrinə müsahibəsində Beynəlxalq Futbol Federasiyasının, FİFA-nın ABŞ prezidenti Donald Trampa Sülh Mükafatı təqdim etməsini rüsvayçılıq adlandırıb. O, bu qərarın futbol ictimaiyyəti üçün utancverici olduğunu bildirib.

Fonseka qeyd edib ki, mükafatın Trampa verilməsi onu məyus edib və bu addım futbolun dəyərlərinə ziddir. “Bunu görəndə nə hiss etdiyimi bilirsiniz? Utanc. Bu, çox kədərlidir. Futbol buna layiq deyil. Bu, rüsvayçılıqdır. ABŞ prezidenti insanlar haqqında düşünmür, onun bütün fikirləri yalnız pul üzərində cəmlənib”, deyə baş məşqçi vurğulayıb.

Sülh Mükafatı 2025-ci ilin noyabrında təsis olunub və Tramp bu mükafatın ilk laureatı olub. 5 dekabr 2025-ci ildə FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının püşkatma mərasimində ABŞ liderinə mükafatı təqdim edib. Təqdimat zamanı Trampa üzərində dörd əlin Yer kürəsini tutduğu heykəlcik, həmçinin xüsusi medal verilib.

Futbol üzrə dünya çempionatı 2026 üç ölkədə, ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək. Mundial 11 iyun 2026-cı ildə başlayacaq və final qarşılaşması 19 iyul 2026-cı il tarixinə planlaşdırılıb.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources