EN

Rusiyadan Ermənistana ŞOK: “Gümrü-2” SSENARİSİNDƏ nələr var?

İrəvanda iyun ayında keçiriləcək seçkilər ərəfəsində prorusiya yönlü qüvvələrin hakimiyyəti ələ keçirmək planları ətrafında siyasi gərginlik artır. Hakimiyyət bu qüvvələrin “Gümrü-2” adlanan ssenari ilə parlamentdə birləşərək koalisiya qurmaq niyyətində olduğunu bildirir.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan rəhbərliyi müxalifətin əsas fiqurları olan Qaqik Tsarukyan, Samvel Karapetyan və sabiq prezident Robert Koçaryanı xəbərdar edərək, bu planın reallaşmasına imkan verilməyəcəyini vurğulayıb.

Məlumata görə, ötən il Gümrüdə prorusiya qüvvələri seçkilərdə ayrı-ayrılıqda iştirak etsələr də, sonradan bələdiyyə şurasında birləşərək hakim partiyanı azlıqda qoymuş və öz namizədlərini mer seçmişdilər. Ermənistan hakimiyyəti bu modelin Moskva tərəfindən hazırlandığını və indi ölkə miqyasında tətbiq edilmək istəndiyini iddia edir.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri bildiriblər ki, məqsəd seçiciləri çaşdırmaq və hakim partiyanın parlamentdə çoxluq qazanmasının qarşısını almaqdır. Parlamentin vitse-spikeri Ruben Rubinyan bu ssenarinin ölkənin gələcəyi üçün təhlükə yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, Koçaryan və ona yaxın oliqarxların hakimiyyətə gəlməsi Ermənistanın sülh yolundan uzaqlaşmasına və yeni müharibə riskinin yaranmasına səbəb ola bilər.

Digər deputat Vaagn Aleksanyan isə müxalifətin planlarının baş tutmayacağını bildirib və “Gümrü-2” əməliyyatının qarşısının alınacağını deyib.

Bu arada “Ana Ermənistan” Partiyasının lideri Andranik Tevanyan müsahibəsində müxalifətin həmin ssenaridən istifadə edəcəyini gizlətməyib. Bu açıqlama hakimiyyətin reaksiyasını daha da sərtləşdirib.

Müxalifət düşərgəsində yer alan bəzi siyasətçilər isə “Gümrü-2”nin uğur qazanacağına şübhə ilə yanaşır. “Parlaq Ermənistan” Partiyasının lideri Edmond Marukyan bu modelin əvvəlki seçkilərdə uğursuzluqla nəticələndiyini xatırladıb.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu seçkilər təkcə Ermənistanın daxili siyasəti üçün deyil, həm də Cənubi Qafqazın gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır. Prorusiya qüvvələrinin hakimiyyətə gəlməsi Azərbaycanla sülh prosesini də sual altına qoya bilər.

Ermənistan hakimiyyəti isə bəyan edir ki, “Gümrü-2” ssenarisinin reallaşmasına imkan verməyəcək və ölkədə siyasi sabitliyi qorumaq üçün bütün qanuni vasitələrdən istifadə edəcək.

Əli Səfərli,
NOCOMMENT.az

Chosen
19
nocomment.az

1Sources