EN

Deputat: “Sülh Şurasında Azərbaycan amili”

2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni konfiqurasiya Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemindəki rolunu keyfiyyətcə dəyişdirdi. Ərazi bütövlüyünün və suverenliyin tam təmin olunması hüquqi legitimliyin faktiki reallıqla üst-üstə düşməsinə imkan verdi və bununla da ölkə uzunmüddətli münaqişənin təsirinə məruz qalan tərəf mövqeyindən çıxaraq regional təhlükəsizlik arxitekturasını formalaşdıran əsas aktora çevrildi. Bu dəyişim dövlətimizin subyektlik statusunun möhkəmlənməsi baxımından strateji mərhələdir.

Vaşinqton kimi beynəlxalq siyasətin istiqamətlərinin müəyyənləşdirildiyi əsas mərkəzlərdən birində keçirilən Sülh Şurası platformasında iştirak Azərbaycanın artıq qlobal təhlükəsizlik diskursunun iştirakçısı və təsir subyekti olduğunu göstərir. Burada diqqət çəkən əsas məqam Azərbaycanın hansısa geosiyasi blokun tərkib hissəsi kimi deyil, milli maraqlara əsaslanan müstəqil və praqmatik siyasət yürüdən dövlət kimi çıxış etməsidir. Bu yanaşma çoxvektorlu xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir.

Azərbaycanın beynəlxalq çəkisinin artmasında geoiqtisadi faktor mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan rolu, alternativ təchizat marşrutlarının formalaşdırılması, Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəlməsi və nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi Azərbaycanı Avrasiya məkanında sabit və etibarlı tərəfdaşa çevirib. Bununla belə, Azərbaycanın rolu yalnız resurs və tranzit imkanları ilə məhdudlaşmır. Dövlətimiz regional sabitliyi təşviq edən, riskləri azaldan və əməkdaşlıq üçün struktur zəmin yaradan siyasi model təqdim edir.

Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi, müasir infrastrukturun qurulması, sosial-iqtisadi reinteqrasiya tədbirləri və Böyük Qayıdış proqramı sülhün normativ bəyanatdan praktik mərhələyə keçdiyini nümayiş etdirir. Azərbaycan bu yanaşma ilə göstərir ki, dayanıqlı sabitlik yalnız siyasi razılaşmalarla deyil, institusional mexanizmlər və real iqtisadi əsaslarla təmin oluna bilər.

Sülh gündəliyinin mərkəzində dayanan əsas prinsip qarşılıqlı suverenliyin tanınması, sərhədlərin toxunulmazlığı və regional əməkdaşlığın genişləndirilməsidir. Azərbaycanın təqdim etdiyi model güc nümayişinə deyil, beynəlxalq hüquqa və rasional dövlət maraqlarına əsaslanır. Bu yanaşma regionda uzunmüddətli təhlükəsizlik üçün fundamental çərçivə yaradır və Cənubi Qafqazı rəqabət məkanından əməkdaşlıq platformasına çevirmək potensialına malikdir.

Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın beynəlxalq sistemdə artan rolunun, regional liderlik mövqeyinin və qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak imkanlarının təsdiqidir. Azərbaycan postmünaqişə mərhələsində yalnız öz milli maraqlarını müdafiə edən dövlət kimi deyil, daha geniş coğrafiyada sabitliyə töhfə verən məsuliyyətli aktor kimi çıxış edir.

Formalaşan yeni reallıq ondan ibarətdir ki, Azərbaycan modeli artıq regional çərçivəni aşaraq qlobal müzakirələrin konseptual elementinə çevrilib. Bu isə güclü dövlətçilik iradəsinin, strateji uzaqgörənliyin və ardıcıl, prinsipial xarici siyasət kursunun məntiqi nəticəsidir.

Cavanşir Feyziyev,Milli Məclisin üzvü
AzVision.az


Chosen
2
5
azvision.az

6Sources