
Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirilib. AFN.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilir ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evlərinin yaratdığı izafi yüklənmə qəzaya səbəb olub. Xətlərə texniki qulluğun mümkünsüzlüyü nəticəsində yaranan problemi aradan qaldırmaq üçün tikinti-bərpa işləri yekunlaşmaq üzrədir.
Xidmətin müvafiq strukturları tərəfindən 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Həmin xətdən qidalanan abonentlərin su təminatı artıq bərpa edilib. Hazırda evin altında qalan 100 və 150 millimetrlik köhnə polad boruların ləğv edilərək yeni borularla əvəz olunması prosesi davam edir.
Xüsusilə diqqətə çatdıraq ki, içməli su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir.
![]()
![]()
![]()
![]()
![]()