EN

Əfşar Süleymani: ABŞ İran gərginliyi real müharibəyə çevrilməyəcək MÜSAHİBƏ

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Xamenei prezident Pezeşkianı kənarlaşdırmaq niyyətində deyil”

Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda Əli Xamenei ilə bağlı səslənən iddialar regionda ciddi rezonans doğurub. “The New York Times” qəzetinin İran daxilindəki mənbələrə istinadən yaydığı məlumatlara görə, mümkün hərbi ssenarilər və sui-qəsd riski nəzərə alınaraq ali lider əsas səlahiyyətlərinin bir hissəsini təhlükəsizlik blokuna ötürüb. Bu prosesdə əsas fiqur kimi göstərilən Əli Laricani ölkənin strateji qərarlarının koordinasiyasında ön plana çıxır. Məlumatlarda diqqət çəkən digər məqam isə seçilmiş prezident Məsud Pezeşkianın proseslərdən kənarda qalması iddiasıdır. Bildirilir ki, Pezeşkianın daha çox texnokrat və həkim kimi təqdim olunması fonunda real təhlükəsizlik və xarici siyasət qərarlarının milli təhlükəsizlik şurası xətti ilə formalaşdırıldığı vurğulanır.

ABŞ-İran münasibətlərində artan gərginlik, nüvə danışıqları ətrafındakı qeyri-müəyyənlik və regionda hərbi mövcudluğun güclənməsi fonunda Tehranın daxili hakimiyyət balansında baş verən dəyişikliklər Yaxın Şərqin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərə bilər. Mövcud situasiya İran daxilində faktiki idarəetmə mexanizminin necə qurulduğu və siyasi qərarların hansı mərkəzdə formalaşdığı sualını aktuallaşdırır.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani mövcud məsələ ilə bağlı Sherg.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Əli Xamenein səlahiyyətlərinin bir hissəsini təhlükəsizlik blokuna ötürməsi İran daxilində hakimiyyət balansının dəyişməsi deməkdir?

- Əli Laricani Pezeşkian təyin etdiyi üçün belə bir ehtimalın olması mümkün deyil. Düzdür o, ali rəhbərin nümayəndəsidir. Lakin prezidentin qarşısında da öhdəlikləri var. Yəni Laricanı Təhlükəsizlik Şurasında Pezeşkianın icazazəsi ilə işləyir. Ümumiyyətlə İran tarixində ali rəhbər kiməsə belə səlahiyyət verməyib. Hərənin özününün bir vəzifəsi var. Digər tərəfdən Əli Laricanı İrandakı 14-cü Prezident seçkilərinə namizədliyini vermişdi. Ancaq onun namizədliyi qəbul edilmədi. Namizədləri təstiqləyən isə Xameneinin əlinin altında olan Şurayi Nigahbandır. Daha sonra isə Laricani Təhlükəsizlik Şurasının katibi oldu. Bu səbəblərdən dolayı Laricaniyə sözügedən səlahiyyətlərin veriləcəyini düşünmürəm. Çünki İran siyasi sistemi belə bir gediş etməz.

-Məsud Pezeşkianın qərarvermə prosesindən kənarda qalması prezident institutunun zəiflədiyini göstərir?

- Ali liderin prezidenti kənarlaşdırmaq məqsədinin olduğunu güman etmirəm. Çünki Pezeşkian prezident olduğu dövr ərzində Xamenei ilə tam kordinasiyalı işləyib. Ümumiyyətlə İranın indiki vəziyyətində belə bir addım ona ciddi ziyan vura bilər.

ABŞ-İran gərginliyi real hərbi toqquşmaya çevrilə bilərmi?

-, ABŞ ümumilikdə İrana qarşı birbaşa hərbi hücum istəmir. Xüsusilə də Donald Tramp administrasiyası bu addımı atmağa tam meylli deyil. Əlbəttə, Vaşinqtonda müxtəlif yanaşmalar var: Trampın ətrafında hücumu dəstəkləyənlər də var, əleyhinə olanlar da. Məsələn, bəzi yaxın çevrələr diplomatik həll variantını üstün tuturlar və hərbi eskalasiyanın əleyhinə çıxırlar. Burada əsas məsələ ABŞ-nin İrandan güclü olub-olmaması deyil. Aydındır ki, ABŞ hərbi, iqtisadi və texnoloji baxımdan qlobal hegemon gücdür. Söhbət gücdən yox, nəticədən gedir. Vaşinqton hesablayır ki, mümkün hücum ona strateji baxımdan nə qazandıracaq. İrana zərbə vurmaq mümkündür, lakin bunun ABŞ-y uzunmüddətli dividendi nə olacaq? Əsas sual budur.

- Bəs İran nə istəyir?

-Həm ABŞ, həm də İran rasional aktor kimi mümkün qarşıdurmada təkcə qarşı tərəfə vuracağı ziyanı deyil, özünün görəcəyi zərəri də hesablamalıdır. İran da müharibə istəmir, lakin məcbur qalarsa, qarşılıq verəcəyini bildirir. Eyni vəziyyət ABŞ üçün də keçərlidir. Amerika da məcburiyyət yaranmadıqca genişmiqyaslı müharibəyə girmək istəmir. Trampın daxili və xarici siyasətdə kifayət qədər mürəkkəb gündəliyi var. Reytinqlər, daxili siyasi çəkişmələr, iqtisadi məsələlər və beynəlxalq böhranlar. Buna görə də Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik fonunda yeni bir hərbi cəbhə açmaq ciddi riskdir. ABŞ ictimai rəyində də İrana qarşı hücuma geniş dəstək yoxdur. İraq və Əfqanıstan təcrübəsi göstərdi ki, hərbi müdaxilələr qısa müddətli taktiki üstünlük versə də, strateji baxımdan ağır nəticələr doğura bilir. Bu dərslər Vaşinqtonda unudulmayıb.

-İsrailin mövqeyi bu məsələdə nədir?

-İsrail faktoru da mühüm rol oynayır. Təl-Əviv İrana qarşı daha sərt mövqe tutur. Lakin ABŞ İsraili dəstəkləsə də, öz milli maraqlarını ayrıca hesablayır. İran ABŞ üçün birbaşa ekzistensial təhdid deyil. Əsas mübahisə nüvə proqramı ətrafındadır. İranın mövqeyi belədir: nüvə silahına sahib olmaq niyyətində deyil, lakin uranın zənginləşdirilməsini tam sıfırlamaq şərtini qəbul etmir. 60 faizlik zənginləşdirilmiş uranın bir hissəsinin azaldılması, 20 faizə endirilməsi, beynəlxalq nəzarətin gücləndirilməsi kimi kompromis variantlar müzakirə oluna bilər. MAQATE nəzarətinin genişləndirilməsi də təkliflər arasındadır. Ancaq raket proqramı İran tərəfindən milli müdafiə məsələsi kimi təqdim olunur və danışıqlar mövzusu sayılmır.

-Diplomatik həll variantları varmı?

- İran iqtisadi əməkdaşlıq təklif edir: ABŞ şirkətlərinin neft-qaz sektorunda iştirakı, investisiyalar, birgə layihələr, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması. Bu, klassik “təhlükəsizlik müqabilində iqtisadi inteqrasiya” modelinə uyğundur. Trampın biznes yönümlü yanaşmasını nəzərə alsaq, bu tip razılaşma ABŞ üçün də iqtisadi imkanlar yarada bilər.

-Mümkün toqquşma regiona necə təsir edəcək?

-Lakin prosesə qarşı çıxan aktorlar da var: xaricdəki İran müxalifəti, İsrail daxilində sərt xətti müdafiə edən qüvvələr, hətta bəzi qlobal güclər. ABŞ-nin Yaxın Şərqdə yeni müharibəyə cəlb olunması bəzi rəqib dövlətlərin maraqlarına uyğun ola bilər. Reallıq budur ki, uzun illərdir davam edən sanksiyalar ən çox İran cəmiyyətinə zərər vurub. Hakim elitaya təsir məhdud olsa da, orta və aşağı təbəqə ciddi iqtisadi təzyiq altındadır. Hərbi eskalasiya isə bu yükü daha da ağırlaşdıra bilər. Nəticə etibarilə, məsələ hərbi gücdə deyil, siyasi iradə və rasional hesablamadadır. Diplomatik kanal açıq qalarsa, qarşılıqlı nəzarət və mərhələli güzəştlər yolu ilə kompromis mümkündür. Müharibə isə həm region, həm də qlobal enerji təhlükəsizliyi xüsusilə Hörmüz boğazı kontekstində ciddi risklər yaradar. Bu səbəbdən optimal yol emosional ritorika deyil, praqmatik diplomatiyadır. Qarşılıqlı təhlükəsizlik zəmanətləri və iqtisadi inteqrasiya mexanizmləri uzunmüddətli sabitlik üçün daha real alternativdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
sherg.az

1Sources