EN

TƏBİB-də nələr yaşanır? – Deputat həyəcan təbili çaldı

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra qurumda ixtisarların olduğu deyilir. Xüsusilə bir qədər əvvəl stomatoloqlarla bağlı optimallaşdırma qərarı bölgələrdə narazılığa səbəb olub. Qurum maliyyə-iqtisadi əsaslara söykənərək bəzi rayonlarda ştatların ixtisar edildiyini açıqlayıb. Lakin həkimlər bildirirlər ki, 130-180 min əhalisi olan rayonlarda cəmi 3 stomatoloqun saxlanılması real tələbatı ödəmir. Onların sözlərinə görə, uzun illər çalışan mütəxəssislərin işsiz qalması səhiyyə sistemində mövcud çatışmazlığı daha da dərinləşdirə bilər.

Bu ixtisarlar nə dərəcədə əsaslıdır? İşdən çıxarılan diş həkimləri alternativ tapmadıqda fərqli sahələrdə –  fəhlə kimi çalışmaq məcburiyyətində qalmalıdırmı?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa bildirib ki, təkcə TƏBİB sistemində deyil, digər sahələrdə də ixtisarlar artıb:

“Hər bir ixtisar mütləq iqtisadi əsaslandırmaya söykənməlidir. Eyni zamanda, işdən çıxarılan şəxslərin başqa sahədə işlə təmin olunması və ya ixtisaslarına uyğun alternativ fəaliyyət imkanlarının yaradılması vacibdir. Çünki böyük bir işsizlər ordusunun formalaşması təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır”.

Deputatın sözlərinə görə, vətəndaşların sosial vəziyyətinin ağırlaşması dövlət üçün arzuolunan deyil:

“Bu baxımdan, qərarlar qəbul edilərkən məsələ hərtərəfli araşdırılmalıdır. Burada söhbət bir nəfərdən deyil, yüzlərlə insanın taleyindən gedirsə, yanaşma daha həssas olmalıdır. İşdən çıxarılan şəxslərin sonrakı məşğulluq imkanları nəzərə alınmalıdır. Əgər alternativ təmin olunmursa, bu cür riskli addımlar əlavə sosial problemlərə yol aça bilər. Ona görə də məsələ ciddi şəkildə araşdırılmalıdır”.

Chosen
1
1
editor.az

2Sources