EN

Çelsinin Pir... qələbəsi – sevgi romanları bitdi, orman sevgiləri dövrüdür

Yazının başlığı sizi çaşdırmasın, söhbət Londonun “Çelsi” futbol klubunun çətin qələbə qazanmasından getmir, Çelsi adlı xanım həmvətənimizin Pirməmmədov soyadlı sevgilisinin üzərində qələbə çalmasından, onu işdən çıxartdırmasından gedir.

Düzü, adam bilmir Pirməmmədovu təqdim edərkən, “nikahdankənar ər” yazsin, “gizli məşuq” yazsın, yoxsa, rus demişkən, nə yazsın. Deyəsən, elə yaxşısı, “sevgili” yazmaqdır. Nə də olmasa, arada 3-4 illik sevgi hekayəti, birlikdə kəhildəmə haqq-hesabı var.
Xanımın adı indiki cavanlara qəribə görünə bilər, ağılları yenə də “Çelsi” klubunun üstünə gedəcək. Amma elə deyil. O qız, güman ki, 1993-ci il təvəllüdlüdür. Həmin il Bill Klinton ABŞ prezidenti seçilmişdi və bütün dünya Bill və Hillari Klintonlara, eləcə də onların qızı Çelsiyə heyran olmuşdu. Çelsi o vaxt yeniyetmə qız idi, 13 yaşı vardı (indi 46 yaşlı arvaddır), heç Şərq parametrlərinə görə ərə gedəsi boy-buxuna da çatmamışdı. Sadəcə, göyçək və sevimli balaydı. Ona görə də böyük ehtimalla xanım Baxşıyevanın böyükləri yeni doğulmuş qızlarına Çelsi adı qoyublar.
çelsi.JPG (48 KB)
“Çelsi” futbol komandası isə o zamanlar İngiltərənin ortabab klublarından biriydi, 6-11-ci yerləri tuturdu. O klubu sonradan Roman Abramoviç məşhurlaşdırdı, yoxsa bizdə onun adını yalnız qatı azarkeşlər bilirdi. Amma bu heç.
Gələk Çelsi xanımın Anar Pirməmmədovu becərməsi məsələsinə.
Gənclər sosial şəbəkədə tanış olublar, ilk mesajdan sözləri tutub, münasibət qurublar, 3-4 il boyunca Hakan Pekerin məşhur “Bir əfsanəydi, əfsanəydi sənlə bərabər olmaq, saatlarca uzanıb yanında qalmaq” mahnısına birlikdə qulaq asıblar.
İndi qız deyir ki, ilk başda Anarın ailəli olduğunu bilməyib. Bax, burası inandırıcı deyil. Sosial şəbəkədən özü üçün “oğlan tutan” model-bloqer qız bu qədər sadəlövh ola bilməz. O keçmiş vaxtlardaydı, ərgən qızlar Əlibala Hacızadənin, Əlfi Qasımovun, Salam Qədirzadənin lirik-sentimental romanlarını oxuyur, saf sevgi haqqında düşüncələrə dalır, romantik-romantik xəyallar qururdular. Artıq sevgi romanları yox, orman sevgiləri dəbdir, cütlüklər qoşalaşıb piknikə-filana gedirlər.
Bu baxımdan böyük ehtimalla xanım Baxşıyeva bir baxışı ilə Anarın sürdüyü lüks maşından, qolundakı saatın, ayağındakı ayaqqabının markasından, pencəyinin dirsəyindən, köynəyinin düyməsindən dərhal anlayıb ki, qarşısındakının sosial və məişət statusu, qazancı, imkanları nədir.
“Ölərəm, amma ailəli kişiylə münasibət qurmaram” ehkamları da keçmişdə qalıb. İndi münasibət də qururlar, hələ “öz xoşbəxtlikləri uğrunda mübarizə” də aparırlar. Keçmişdə belə şeylərin adı “ailə dağıtmaq” idi, indi “mübarizə aparmaq”dır. “Filankəs lotuşka saxlayır” söhbəti də, türkün sözü, mazidə qalıb, indi “müəllimin ikinci ailəsi var” deyirlər. Qardaşlar var, bacılarını saxlayan vəzifəli kişinin yanında işə düzəlirlər və özlərinə təskinlik verirlər ki, ortada molla kəbini mövcuddur. Bu da heç. Köhnə haqq-hesablar yeni yanaşmalar və terminlərlə müşayiət olunur.
Bəli, sonra nə olubsa, Çelsi ilə Anarın münasibəti korlanıb. Güman ki, iki uşaq anası da “öz xoşbəxtliyi uğrunda mübarizə” aparıb və halalca ərini dərənin modelinə qapdırmaq istəməyib. Nəticədə işin üstü açılıb. Pozuluşma baş verib. Çelsi qərara alıb ki, məsələni ictimailəşdirsin və ictimailəşdirib. Budur, 3 gündür Pentaqonun İranı vuracağı ilə bağlı söhbətlər arxa plana keçib, media bu hadisədən, fövqəladə nazirin Pirməmmədovu “vurması”ndan yazır.
Açıq-aşkar Anar bəyə haqsızlıq oldu. “Xidməti maşından şəxsi məqsədlərlə istifadə etmək” nə böyük qəbahətdir axı? Aşıq qardaş o vaxt deməmişdimi ki, “yar yanına gəlmək üçün yol da birdir, kol da birdir”?
Sadəcə, ortada video ilə şantaj söhbəti var, açığı, o da inandırıcı deyil. Ola bilər, Anar Çelsiyə deyib ki, etmə, eləmə, söhbət böyüyər, videolarımız çıxar, rüsvay olarıq. O vaxt Əsli də Kərəmə belə bir təvəqqe etmişdi, demişdi, aman, Kərəm, məni rüsvay eləmə. Amma axırı necə oldu? Budur, neçə yüz ildir xəlayiq “Yanıq Kərəmi”yə oynayır, qara keşişlər də bizimlə bu hadisənin intriqasını aparır.
Adama deyərlər, performansınızi niyə video çəkirsiz, eləcə, yadınızda saxlayın. Amma bunlar yəqin ki, “baxıb xatırlama, xatırlayıb bax” klişesinə uyublar. Nəticəsi də bu.
Uzun sözün qısası, ictimaiyyət üçün maraqlı olsa da, gərək keçmiş cütlüklər, üçlüklər öz məhrəm söhbətlərini ictimailəşdirərək, gənc nəsillərə pis örnək olmasınlar.
P.S. Yeri gəlmişkən, dünən gecə “Çelsi” “Börnli” ilə oyunda qırmızı kart aldı, son dəqiqələrdə qələbəni əldən verdi.
Chosen
13
yenilik.az

1Sources