EN

Miqrant uşaqları 18 yaşına çatdıqda Rusiyanı tərk etməyə məcbur edilə bilər

Rusiya hökuməti Dövlət Dumasına qanun layihəsi təqdim edib. Bu layihəyə əsasən, Rusiyada patentlə işləyən əmək miqrantlarının uşaqları 18 yaşına çatdıqda 30 gün ərzində ölkəni tərk etməli və ya özlərinə patent verilməsi üçün ərizə təqdim etməlidirlər. Bu barədə Oxuməni.az "rg.ru"ya istinadən xəbər verir.

Sənədə görə, əmək miqrantlarının yetkinlik yaşına çatmayan uşaqları valideynin icazə sənədlərinin qüvvədə olduğu müddətdə Rusiya ərazisində qala biləcəklər – bir şərtlə ki, valideyn özü və hər bir uşağı üçün sabit avans ödənişi (şəxsi gəlir vergisi üzrə) etsin.

Bundan əlavə, Dövlət Dumasına təqdim edilmiş qanun layihəsi patentlərin verilməsi və uzadılması üçün əlavə bir meyarı tətbiq edir. Əgər Rusiyada işləyən əmək miqrantının gəlirlərinin məbləği özü və onun himayəsində olan hər bir ailə üzvü üçün yaşayış minimumundan aşağı olarsa, patent ləğv edilə bilər.

Bu tədbir, patentin ilk dəfə əcnəbi tərəfindən rəsmiləşdirildiyi və ya onun "şəxsi, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər oxşar ehtiyaclar üçün fiziki şəxslərdə işlədiyi" hallara şamil edilməyəcək.

Gözlənilir ki, vergi orqanları təqvim ilinin üç, altı, doqquz və 12 ayı üçün əcnəbilərin gəlirləri barədə məlumatları avtomatik olaraq Daxili İşlər Nazirliyinə təqdim edəcəklər.

Əmək patenti Rusiyaya vizasız rejim tətbiq olunan ölkələrdən gələn vətəndaşlar tərəfindən rəsmiləşdirilməlidir. Avrasiya İqtisadi İttifaqı ölkələri istisnadır: Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşlarına patent tələb olunmur.

Almaz Həsənli

Chosen
13
oxumeni.az

1Sources