EN

Dini ayinlərin icrası penitensiar müəssisələrin daxili qaydalarına uyğun təşkil olunur

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Ramazan ayının başlanması ilə əlaqədar olaraq cəza çəkən məhkumların və həbsdə saxlanılan şəxslərin dini etiqad azadlığının təmin edilməsi hüquqi dövlət prinsiplərinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının qorunması Konstitusiya səviyyəsində təsbit olunmuş fundamental dəyərlərdən biridir və bu təminat azadlıqdan məhrum edilmiş şəxslərə də tam şəkildə şamil olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır və hər kəs öz dininə münasibətini müstəqil müəyyən etmək, dini ayinləri icra etmək hüququna malikdir. Bu norma penitensiar müəssisələrdə saxlanılan şəxslər üçün də eyni hüquqi qüvvəyə malikdir.“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət dini etiqad azadlığının həyata keçirilməsinə təminat verir və dini ayinlərin icrasına qanun çərçivəsində şərait yaradır. Eyni zamanda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində məhkumların əsas hüquqları sırasında dini etiqad azadlığından istifadə etmək hüququ birbaşa təsbit olunmuşdur. Həmin Məcəllənin müvafiq maddələrinə əsasən məhkumlar dini ayinləri yerinə yetirə, dini ədəbiyyatdan istifadə edə və qanunvericiliyə uyğun qaydada dini nümayəndələrlə görüşə bilərlər. “Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun da təqsirləndirilən şəxslərin dini etiqad hüququnu ayrıca təminat altına alır. Ramazan ayı müddətində penitensiar müəssisələrdə və istintaq təcridxanalarında oruc tutmaq istəyən şəxslər üçün qidalanma rejimi qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir. Gündəlik yemək bölgüsü imsak və iftar vaxtlarına uyğunlaşdırılır, dövlət tərəfindən müəyyən edilmiş ərzaq normaları saxlanılmaqla yeməklərin təqdim olunma vaxtı dəyişdirilir. Bu proses zamanı həm daxili intizam qaydaları, həm də sanitariya-gigiyena normaları qorunur. Oruc tutmaq könüllülük prinsipi əsasında həyata keçirilir və oruc tutan və tutmayan şəxslər arasında hər hansı ayrı-seçkiliyə yol verilmir.Dini ayinlərin icrası penitensiar müəssisələrin daxili qaydalarına uyğun təşkil olunur. Məhkumların namaz qılması və digər ibadətləri yerinə yetirməsi üçün qanunla icazə verilən çərçivədə şərait yaradılır. Dini ədəbiyyatın saxlanılması və istifadəsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Müəssisələrdə təhlükəsizlik və daxili rejim tələbləri əsas götürülməklə dini mərasimlərin keçirilməsinə imkan verilir. Oruc tutmaq istəyən şəxslərin sağlamlıq vəziyyəti də nəzərə alınır. Penitensiar müəssisələrin tibb xidmətləri tərəfindən məhkumların tibbi müayinəsi aparılır və sağlamlıq baxımından oruc tutması məqbul olmayan şəxslərə müvafiq tövsiyələr verilir. Xroniki xəstəlikləri olan və ya xüsusi qidalanma rejiminə ehtiyacı olan şəxslər barədə tibbi rəy əsas götürülür. Bu yanaşma həm insan sağlamlığının qorunması, həm də hüquqların balanslı təmin olunması məqsədi daşıyır.Beləliklə, Ramazan ayı ilə əlaqədar cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında yaradılan şərait yalnız humanist yanaşmanın deyil, həm də konkret hüquqi öhdəliklərin icrasının nəticəsidir. Dini etiqad azadlığının təmin olunması, insan ləyaqətinə hörmət prinsipi və məhkumların sosial reabilitasiyası dövlətin penitensiar siyasətinin əsas istiqamətlərindəndir. Bu yanaşma hüquqi dövlətin və qanunun aliliyinin real təzahürü olmaqla yanaşı, cəza siyasətində humanizm və ədalət prinsiplərinin qorunmasına xidmət edir.Əli İbrahimov, hüquqşünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
newscenter.az

2Sources