EN

“Sabah” ardıcıl 10-cu qələbə ilə 9-cu oldu – ARENA.AZ

Cari mövsümdə uğurlu nəticələri ilə diqqət mərkəzində olan “Sabah” Azərbaycan Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Bakı klubu seriyasını yubiley həddinə 21-ci turda çatdırıb.

Paytaxt təmsilçisi evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Bayquşlar” buna qədər “İmişli”ni 3:0, “Neftçi”ni 2:0, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Sumqayıt”ı 3:1, “Karvan”ı 4:1, “Zirə”ni 3:1, “Araz-Naxçıvan”ı 4:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələmişdi.

Klub tarixində ilk dəfə belə seriyaya imza atmış “Sabah” turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Buna qədər 8 klub 17 seriyaya imza atıb. Cari mövsümdə qeydə alınmış bu seriya isə 18-cidir.

“Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. “Qarabağ”ın 4, “Şəmkir”in 2 belə seriyası var. “Bakı”, “Kəpəz”, “Turan”, “Xəzər” (Sumqayıt) və “Xəzər Lənkəran” isə “Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.

Xatırladaq ki, 52 xalla Premyer Liqanın vahid lideri olan “Sabah” növbəti turda əsas izləyicisi olan “Qarabağ”la (45 xal) qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
9
arena.az

10Sources