EN

Macarıstan yenə “oyunu” pozur Rusiyaya qarşı sanksiyaları bloklamaq niyyətindədir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Macarıstan Rusiyaya qarşı 20-ci sanksiya paketinin təsdiqlənməsini bloklamaq niyyətindədir. Rəsmi Budapeşt bu addımı Ukraynanın “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin tranzitini dayandırması ilə əsaslandırır.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto sosial X şəbəkəsində yazıb ki, Ukrayna “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyənə qədər Budapeşt Kiyev üçün vacib qərarların irəliləməsinə imkan verməyəcək.

Onun sözlərinə görə, bu məsələ həll olunmayınca Macarıstan Avropa İttifaqı çərçivəsində Ukrayna ilə bağlı mühüm qərarların qəbulunu dəstəkləməyəcək.

Avropa İttifaqı Rusiyaya qarşı yeni məhdudiyyətləri bu gün - Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin dördüncü ildönümü ərəfəsində keçiriləcək Xarici İşlər Şurasının iclasında qəbul etməyi planlaşdırır.

Bundan əvvəl Macarıstan və Slovakiya Ukrayna neft tranzitini bərpa etməyəcəyi təqdirdə Kiyevə elektrik enerjisi tədarükünü dayandıracaqları ilə hədələmişdilər. Peter Siyarto eyni zamanda Avropa Komissiyası tərəfindən əvvəllər təsdiqlənmiş Ukrayna üçün 90 milyard avroluq kredit paketini də bloklamaq niyyətində olduqlarını açıqlayıb.

Ukraynanın Xarici İşlər Nazirliyi Macarıstan və Slovakiyanın bəyanatlarını “şantaj” kimi qiymətləndirib. Rəsmi Kiyev bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı kütləvi və məqsədli hücumları fonunda belə addımlar təxribat xarakterlidir və bütün regionun enerji təhlükəsizliyini risk altına qoyur.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Moskvanın ukraynalıları elektrik enerjisi, istilik və qazsız qoymaq cəhdləri davam etdiyi bir vaxtda bu cür bəyanatlar məsuliyyətsiz addımdır.

Kiyev əlavə edib ki, Ukrayna “Rusiya mənşəli olmayan” neftin alternativ marşrutlarla tədarükünü təklif edib. Bu kontekstdə “Odessa–Brodi” neft kəmərindən istifadənin mümkünlüyü gündəmə gətirilib.

Ukrayna hakimiyyəti bildirir ki, “Drujba” kəməri ilə neft tədarükünün pozulması Rusiya bombardmanları ilə bağlıdır. Eyni zamanda Kiyev vurğulayır ki, Macarıstan və Slovakiyanın Rusiya nefti və qazını almaqda davam etməsi Moskvanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməyə xidmət edir.

Macarıstan və Slovakiya isə öz növbəsində Ukrayna hakimiyyətini tədarükün bərpasına qəsdən mane olmaqda ittiham edir. Hər iki ölkə enerji resurslarının idxalında “Drujba” kəmərindən əhəmiyyətli dərəcədə asılıdır.

Beləliklə, enerji məsələsi Aİ daxilində yeni siyasi gərginlik yaradıb və Rusiyaya qarşı sanksiyalar ətrafında konsensusun formalaşmasını çətinləşdirir. Hazırkı vəziyyət Brüssel–Budapeşt xəttində münasibətlərin daha da gərginləşə biləcəyini göstərir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
azpolitika.info

1Sources