EN

Birinə töhmət verilib, digərinə xəbərdarlıq edilib - AMEA-dakı davanın TƏFƏRRÜATLARI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun iki əməkdaşı arasında baş verən və institutun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin inzaibati qaydada cəzalandırılmasına səbəb olan davanın təfərrüatları məlum olub.

N.Məmmədli “Yeni Sabah”a açıqlamasında deyib ki, hadisə ötən ilin oktyabr ayında, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbirdə baş verib.  

“Həmin gün “Müstəqillik Günü” ilə bağlı iclas keçirirdik. Hamı iclasda olub. Biz burada dövlətçiliyi qoruyuruq, dövləti qoruyuruq, dövlətin rifahı naminə çalışırıq. Belə bir ərəfədə iki nəfər kənarda qalıb mübahisə edib. Bunun elmə nə aidiyyəti var? İki qadın arasında şəxsi münasibətlər zəminində baş verən dava institutdan kənarda da ola bilərdi. Mənim adımı niyə hallandırdıqlarının səbəbini bilmirəm. İki adam arasında şəxsi müstəvidə olan məsələni bu yerə çatdıranlar şəxsiyyətsiz və səviyyəsizdirlər ki, belə işləri görürlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən narazılığımız var. Çünki davanın instituta heç bir aidiyyatı olmadığı təqdirdə cərimə tətbiq edilir. Bu işə polis qarışıb, həll edib, dalaşanlar bir-birini məhkəməyə də veriblər. Bunun bizə aidiyyatı yoxdur. Bu, məişət söhbətidir, elmi söhbət deyil. Əgər Əmək Müfəttişliyi bu səviyyəyə enibsə, dövlətin büdcəsini mənim maaşımla doldurmaq istəyirsə, eybi yoxdur. Onlar bu yolu tutublar, guya düz yoldur”.

N.Məmmədli Əmək Müfəttişliyinin onu cərimələməsini ədalətsiz qərar sayır:

“Dövlət strukturlarında bu cür əngəllər var və bunlar bizim işimizə mane olur. Sonra da deyirlər ki, belə işləyir, düz işləyir. Məhkəmələr də belə işləyirsə, daha sözüm yoxdur. Qalırsan ki, kimə müraciət edəsən? Hər kəs öz işi ilə məşğul olsa, belə olmaz. Bu iki nəfərin mübahisəsinin elmə aidiyyəti yoxdur, istehsalat mübahisəsi deyil və burada baş verən hadisə bizə aid deyil. Belə olmaz. Bu səviyyədə işləyiriksə, hansı düzlükdən, hansı rəqabətdən danışırıq? Bilirəm ki, indi bunu Ali Məhkəməyə də versəm, eyni hal olacaq. Ara yerdə bizim aldığımız maaşı da bunların büdcəsinə köçürürlər”.

İnstitut direktoru dalaşan əməkdaşların adlarını açıqlamasa da, onların cəzalandırıldığını söyləyib:

“Həmin qadın işçilərdən birinə şiddətli töhmət vermişəm, digərinə isə xəbərdarlıq etmişəm”.

Professor məsələnin ictimailəşməsinə görə mətbuatdan da narazıdır: “Saytların işi-gücü yoxdur. Demirlər ki, gedək dilçi alimlərin işi ilə maraqlanaq, görək hansı işlər görürlər? Elmi söhbətlər aparaq da, bu mənasız söhbətlər nədir? Mən kişiliyimə, qeyrətimə sığışdırmıram ki, o qadınların adını yazım. Qoy gizli qalsın. Onsuz da özüm onları cəzalandırmışam. Qaradan artıq rəng yoxdur, cərimə cəzasını da mən çəkərəm. Baxmayaraq ki, burada mənim heç bir günahım yoxdur. Eybi yox, qadınlardır, bizim mentalitetimiz imkan vermir ki, qadınlar haqqında danışaq”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli inzibati məsuliyyətə cəlb edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə (baş vermiş hadisə barədə məlumat verilməməsi) cərimə protokolu tərtib olunub.Cəriməyə institutun iki qadın əməkdaşı arasında yaranan şəxsi münaqişə səbəb olub. Hadisə əməkdaşlar tərəfindən öz aralarında həll edilib və ciddi nəticə qeydə alınmayıb.

Nadir Məmmədli Əmək Müfəttişliyinin qərarından apellyasiya şikayəti verib. Şikayət təmin olunmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
4
yenisabah.az

1Sources