“Akıncı” pilotsuz uçuş aparatından (PUA) “Roketsan” istehsalı EREN yüksək sürətli çoxməqsədli süzən sursatının sınaq atışı həyata keçirilib.
“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, Sinop sahilləri yaxınlığında keçirilmiş “hava-hava” atış sınağında “Akıncı”dan buraxılan EREN süzən sursatı havadakı hədəf PUA-nı uğurla məhv edib.
Xatırladaq ki, “Roketsan” yüksək sürətli çoxməqsədli süzən sursat EREN-i ilk dəfə WDS-2026 sərgisində təqdim edib. Süzən sursat “Roketsan” tərəfindən 1 ildən az müddətdə konsept mərhələsindən döyüş üçün hazır vəziyyətə gətirilib. Hazırda sınaqları keçirilən EREN-in bu il seriyalı istehsalına başlanması planlaşdırılır.
Yüksək sürətli çoxməqsədli süzən sursat EREN-in, ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin, eləcə də dost və qardaş ölkələrin hərbi gücünə töhfə verməsi hədəflənir.
PUA-lardan, helikopterlərdən, quru nəqliyyat vasitələrindən, yerüstü sistemlərdən və dəniz platformalarından buraxıla bilən EREN, aşağı sürətlə hərəkət edən hava hədəflərinə, zirehli və zirehsiz yer hədəflərinə, eləcə də canlı qüvvəyə qarşı istifadə oluna biləcək. O, üstün tuşlama qabiliyyəti, uzun müddət havada qalma bacarığı və 100 kilometrdən artıq mənzili ilə bu sahədə mühüm ehtiyacı qarşılayacaq.