EN

Sülhə ən böyük sual İŞARƏSİ

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti Vensin hər iki ölkəyə səfərlərindən bir neçə gün sonra Vaşinqtona gəldilər.  

Ağ Ev bu səyləri rəsmi razılaşmaya doğru irəliləyişi gücləndirməyə yönəlmiş "Sülh Şurası" təşəbbüsü kimi xarakterizə edib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Azadlıq Radiosu bildirib.

Məqalədə deyilir:

“ABŞ-nin himayəsi altında iki lider 8 avqust 2025-ci ildə Prezident Donald Trampın ev sahibliyi etdiyi Ağ Ev sammiti zamanı sülh müqaviləsini paraflayıblar. Lakin təxminən altı ay sonra əsas sual qalır: siyasi irəliləyiş dönməz sülhə çevrilibmi?

20 fevralda Hudson İnstitutunda çıxış edən ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Kalter avqust sammitini "Cənubi Qafqaz üçün həlledici an" adlandırıb.

O, hər iki hökumətin davamlı sülhü təmin etməyə yönəlmiş "münasibətləri normallaşdırmaq, ticarət və tranzit yollarını açmaq və institusional təməllər yaratmaq üçün konkret addımlar atdığını" bildirib. O, investisiya, təhlükəsizlik sahəsində əməkdaşlıq və suverenliyi və iqtisadi müstəqilliyi gücləndirmək üçün proqramlardan bəhs edib: "Əgər liderlər sülhü rifaha çevirən vasitələrlə onları dəstəkləyəcəyik".

Bu yanaşmanın mərkəzində regionda "insanların, malların, enerjinin,  ideyaların" hərəkətini asanlaşdırmaq və münaqişənin yenidən başlamasına səbəb olan amilləri azaltmaq üçün hazırlanmış ABŞ-nin TRIPP təşəbbüsü dayanır.

Vaşinqtonun iqtisadi inteqrasiyaya vurğu etməsinə baxmayaraq, analitiklər qeyd edirlər ki, daxili siyasi proseslər, xüsusən də Ermənistandakı proseslər sülh prosesinin gedişatını müəyyən edəcək”.

Atlantik Şurasının Avrasiya Mərkəzinin nümayəndəsi Endryu D'Anieri bildirib ki, Kalterin TRIPP – dən bəhs etməsi əhəmiyyətli hadisədir.

Lakin o, Ermənistanda qarşıdan gələn parlament seçkilərini mühüm amil adlandırıb. "Hazırda ən böyük sual işarəsi Ermənistandakı seçkilərdir", - deyə o vurğulayıb. O, Paşinyanın partiyasının hakimiyyəti qorumaq üçün başqa bir mandat almağa ehtiyacı olduğunu da qeyd edib.

D'Anieri əlavə edib ki, bir çox müşahidəçilər Rusiyanın səsverməyə təsir göstərməyə çalışacağını gözləyir. Çünki Moskva Paşinyanın "sülhə aparan praqmatik yol" seçmək səylərini tənqid edir.

"İyun seçkilərindən sonra sülhün perspektivləri haqqında daha çox məlumat əldə edəcəyik", - deyə analitik qeyd edib.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Ermənistan və Azərbaycan rəhbərliyi arasında münasibətlərin siyasi səviyyədə sabitləşdiyini bildirib. Lakin o, bunun hələlik yekun sülh razılaşması ilə nəticələnmədiyini qeyd edib.

Eyni zamanda, sabiq səfir daha geniş geosiyasi gərginliyin gələcək prosesləri çətinləşdirə biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, ABŞ və İran arasında gərgin münasibətlər fonunda Tehran xüsusən də TRIPP təşəbbüsü ətrafında Cənubi Qafqazda Amerika təsirinin genişlənməsinə qarşı çıxmağa cəhd edə bilər: "İran və ya Rusiyanın Cənubi Qafqazda ABŞ-nin asan qələbəsini qəbul edəcəyini gözləmirəm".

Hələlik Tramp administrasiyası infrastruktur, ticarət və təhlükəsizlik əməkdaşlığı vasitəsilə sülhü möhkəmləndirməyə çalışır:

“Yaxın perspektivdə əsas addımlar hərtərəfli sülh müqaviləsinin yekunlaşdırılması və təsdiqlənməsi, seçkilərdən sonra Ermənistanda siyasi sabitliyin təmin edilməsi və TRIPP ilə əlaqəli tranzit və kommunikasiya layihələri üzrə görünən işlərin başlanmasıdır”,-deyə məqalədə vurğulanır.

Xəzər

“Cebheinfo.az”

Chosen
14
cebheinfo.az

1Sources