EN

Sülh Şurasında iştirak Azərbaycanın yeni dünya düzənində yerini müəyyən edir - Ekspert rəyi

Bakı, 23 fevral, AZƏRTAC

Vaşinqtonda ABŞ Prezidenti Donald Trump tərəfindən təsis edilən Sülh Şurasının ilk iclasının keçirilməsi qlobal diplomatiyada yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yanvar ayında Dünya İqtisadi Forum çərçivəsində elan edilmiş bu təşəbbüsün qısa müddət ərzində konkret institusional platformaya çevrilməsi onun gələcəyi haqqında nikbinliyi artırır. Toplantıya dəvət olunan liderlər sırasında Azərbaycan Prezidenti İlham Əliyevin yer alması, həmçinin ABŞ rəhbərinin ona xüsusi ehtiram göstərməsi Bakının beynəlxalq sülh və təhlükəsizlik gündəliyində artan rolunun göstəricisi kimi qəbul edilə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Azərbaycanın Sülh Şurasında iştirakını şərtləndirən əsas amillərdən biri Bakı–Vaşinqton xəttində son illərdə intensivləşən strateji dialoqdur. Ötən ilin avqustunda Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda normallaşma prosesinə yeni impuls verib. Fevralın əvvəlində ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə iki ölkə arasında təhlükəsizlik, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığı institusional səviyyəyə qaldırır. Bu fonda Azərbaycanın Sülh Şurasında iştirakı və ABŞ prezidenti Donald Tramp tərəfindən xüsusi fərqləndirilməsi prosesin məntiqi nəticəsi kimi görünür.

“Nəzərə almaq lazımdır ki, Sülh Şurasının perspektivləri yalnız Qəzza ilə məhdudlaşmır. Tramp administrasiyası bu platformanı perespektivdə qlobal böhranların idarə olunması üçün çevik mexanizmə çevirməyi planlaşdırır. Enerji təhlükəsizliyi, iqlim çağırışları, regional münaqişələr və humanitar böhranların Şuranın gələcək gündəliyində əsas yer tutacağı gözlənilir. Azərbaycan özünün enerji resursları, Orta Dəhliz üzərindən tranzit imkanları və multikultural idarəetmə modeli ilə bu platformaya real töhfə verə biləcək ölkələr sırasındadır”,- deyə M.Ələsgərli vurğulayıb.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı, burada keçirdiyi görüşlər, qatıldığı müzakirələr onu deməyə əsas yaradır ki, dövlətimizin başçısı yeni formalaşan qlobal təhlükəsizlik arxitekturasının aktiv iştirakçısı olmaq yolunu seçib. Azərbaycanın bu strategiyası həm regional sabitliyə, həm də Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən strateji addım kimi dəyərləndirilməlidir.

Chosen
19
1
azertag.az

2Sources