EN

Siyasi şərhçi: Orta Dəhlizdə real nəticələr Azərbaycanın iştirakı ilə mümkündür

Bakı, 23 fevral, Səbinə Əlizadə, AZƏRTAC

Orta Dəhlizin əsas marşruta çevrilməsində lojistik üstünlüklər və siyasi sabitlik həlledici amildir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, beynəlxalq daşımalar üçün istifadə olunan marşrutların effektivliyini müəyyən edən iki əsas amil mövcuddur. Birinci amil lojistik imkanların üstünlüyüdür ki, buraya marşrutun digər dəhlizlərlə müqayisədə daha qısa məsafəni əhatə etməsi və müasir infrastrukturun mövcudluğu daxildir. İkinci mühüm amil isə siyasi sabitlikdir. Çünki münaqişələrin davam etdiyi regionlarda iqtisadi layihələrin və uzunmüddətli ticarət perspektivlərinin risk altında qalması qaçılmazdır.

Asif Nərimanlı qeyd edib ki, məhz bu iki əsas faktor Orta Dəhlizin Avropa və Asiya arasında əsas tranzit marşruta çevrilməsini şərtləndirir. Orta Dəhliz məsafə baxımından alternativ marşrutlardan daha qısadır, eyni zamanda, geniş və funksional infrastruktur imkanlarına malikdir.

"Mərkəzi Asiyadan Avropaya uzanan bu marşrutun keçdiyi coğrafiyada hazırda siyasi sabitlik və sülh hökm sürür. Azərbaycan–Ermənistan münaqişəsinin həlli və regionda sülh prosesinin başlanması Orta Dəhlizin rentabelliyi və davamlılığı baxımından tarixi hadisə hesab edilir", - deyə ekspert qeyd edib.

Onun fikrincə, Qarabağ münaqişəsinin həlli Orta Dəhliz üzərində mövcud olan əsas toqquşma riskini aradan qaldırıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmalar isə marşrutun iqtisadi perspektivlərini əhəmiyyətli dərəcədə gücləndirib.

Asif Nərimanlı bildirib ki, hazırda Orta Dəhliz üçün real təhlükə yarada biləcək hər hansı münaqişə ocağı mövcud deyil: "TRIPP layihəsinin praktiki icrasına başlanmasından sonra marşrut üzrə beynəlxalq daşımaların daha təhlükəsiz, daha qısa müddətdə və daha səmərəli şəkildə həyata keçiriləcəyi gözlənilir".

Şərhçinin sözlərinə görə, qlobal əhəmiyyət kəsb edən Orta Dəhlizdə Azərbaycan amili həlledici rol oynayır. Azərbaycan Cənubi Qafqazın əsas siyasi, iqtisadi və hərbi gücü olmaqla yanaşı, Avropa və Asiya arasında bağlantını təmin edən güclü nəqliyyat və enerji infrastrukturlarına malikdir. Eyni zamanda, ölkənin Mərkəzi Asiya dövlətləri ilə tarixi, mədəni və siyasi bağları Orta Dəhlizin funksionallığını daha da artırır.

Asif Nərimanlı vurğulayıb ki, Azərbaycanın iştirakı və razılığı olmadan Orta Dəhliz üzrə daşımaların praktik olaraq həyata keçirilməsi mümkün deyil. Bu səbəbdən Orta Dəhlizdə marağı olan bütün beynəlxalq aktorlar ilk növbədə Bakı ilə əməkdaşlığa xüsusi önəm verirlər.

Onun fikrincə, hazırda ABŞ-ın Orta Dəhlizə və Trans-Xəzər layihələrinə artan marağı da bu reallıqdan qaynaqlanır. Vaşinqton anlayır ki, Azərbaycanın maraqları nəzərə alınmadan və Bakı ilə əməkdaşlıq edilmədən bu coğrafiyada hər hansı strateji layihənin uğurla icrası mümkün deyil. Siyasi şərhçi bildirib ki, regionda anti-Azərbaycan siyasəti fonunda heç bir real layihə həyata keçirə bilməyən əvvəlki administrasiya ilə müqayisədə, Tramp Administrasiyası Bakı ilə əməkdaşlıq çərçivəsində TRIPP layihəsinin reallaşdırılmasına nail olub.

Asif Nərimanlı əlavə edib ki, ABŞ-ın Orta Dəhlizdə həyata keçirdiyi layihələrin tam icrası və uzunmüddətli davamlılığı məhz Azərbaycanın maraqlarının nəzərə alındığı, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelindən asılıdır.

Chosen
19
azertag.az

1Sources