EN

Qələbələr azarkeş sayını niyə azaldır? - Yolu tapıldı

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas daxili çempionat oyunlarında azarkeş azlığından gileylənib. Litvalı mütəxəssis bildirib ki, ardıcıl qələbələr və məhsuldar oyunlara baxmayaraq, tribunadakı azarkeş sayı artmır. O, xüsusilə növbəti turda "Qarabağ" ilə keçiriləcək qarşılaşmada stadionda daha çox azarkeş görmək istədiyini vurğulayıb.

Ölkə.Az-ın məlumatına görə, Dambrauskas qeyd edib ki, azarkeşlər komandalarını Çempionlar Liqası və Avropa Liqasında görmək istəyirlərsə, daxili çempionata da maraq göstərməlidirlər. Onun sözlərinə görə, yerli liqa futbolun əsasını təşkil edir və tribunaların dəstəyi komanda üçün vacib amildir.

Məsələ Azərbaycan futbolunda uzun illərdir müzakirə olunur. Avrokuboklarda ölkəni ən çox təmsil edən “Qarabağ” belə Premyer Liqa oyunlarında bəzən boş tribunalar önündə çıxış edir. Digər klublarda da oxşar vəziyyət müşahidə olunur. Ötən günlərdə "Zirə" klubu sosial şəbəkə səhifəsində soyuq havada stadiona gələn azsaylı (fotoda 3-4 nəfər vardı) azarkeşlərinə təşəkkürünü bildirmişdi. Paylaşımı bir tərəfdən minnətdarlıq jesti olsa da, digər tərəfdən Zirə qəsəbəsinin sakinlərinə, o cümlədən yerli futbolsevərlərə təşviq çağırışı kimi qiymətləndirmək olar.

İdman ictimaiyyətində çıxış yolları ilə bağlı müxtəlif təkliflər səslənir. Onlardan biri oyunlara gələn azarkeşlər arasında lotereyaların təşkili və sponsor hədiyyələrinin təqdim edilməsidir. Mütəxəssislər hesab edirlər ki, bu cür təşviq mexanizmləri qısa müddətdə marağı artıra bilər.

Bundan başqa, beynəlxalq təcrübəyə istinad etmək olar. Məsələn, Almaniya Bundesliqasında oyun günü ətrafında fan-zonalar yaradılır, ailə və tələbə paketləri tətbiq olunur. ABŞ-nin MLS liqasında matçlar əyləncə proqramları ilə müşayiət edilir. Türkiyə Super Liqasında isə azarkeş klubları ilə sistemli iş və sədaqət proqramları geniş yayılıb.

Ekspertlərin fikrincə, Azərbaycanda da məktəblərlə əməkdaşlıq, ailə sektorlarının formalaşdırılması, oyun günü mini-konsert və interaktiv tədbirlərin təşkili, həmçinin klub-azarkeş əlaqələrinin gücləndirilməsi tribunaların dolmasına müsbət təsir göstərə bilər.

Bəziləri stadionlardakı boşluğa görə yerli futbolda baxımlı oyunların olmamasını əsas gətirsə də, bir çox xarici çempionatlarda zəif nəticə göstərən komandaların belə güclü və sadiq azarkeş qruplarına malik olması bunun tək səbəb olmadığını göstərir.

Miri

Chosen
15
1
olke.az

2Sources