EN

ABŞ Dövlət Departamenti: “El Menço”nun zərərsizləşdirilməsi qlobal miqyasda mühüm hadisədir...

CJNG liderinin öldürülməsi Meksikada əməliyyatlar, etirazlar və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə nəticələnib...

Poliqon xəbər verir ki, ABŞ Dövlət Departamentinin dövlət katibinin müavini Kristofer Landau Meksikada “El Menço” ləqəbi ilə tanınan Nemesio Osegera Servantesin öldürülməsini təkcə Meksika və ABŞ üçün deyil, bütün dünya üçün mühüm hadisə adlandırıb.

Landau X sosial şəbəkəsində yazıb ki, “El Menço” ən qəddar və qanlı narkobaronlardan biri idi və onun zərərsizləşdirilməsi beynəlxalq narkotik ticarətinə qarşı mübarizədə əhəmiyyətli nailiyyətdir.

Məlumata görə, Jalisco New Generation Cartel (CJNG) lideri Tapalpa şəhərində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb. Əməliyyata Meksika Müdafiə Nazirliyi rəhbərlik edib. Hərbi Hava Qüvvələrinin təyyarələri və Milli Qvardiyanın Xüsusi Təcili Reaksiya Qüvvələri əməliyyata cəlb olunub.

Rəsmi məlumata əsasən, əməliyyat nəticəsində CJNG-nin dörd üzvü yerindəcə öldürülüb, daha üç nəfər isə hava yolu ilə Mexikoya daşınarkən həyatını itirib. Ölənlər arasında kartel lideri Osegera Servantes də olub.

Hüquq-mühafizə orqanları əməliyyat zamanı iki kartel üzvünü saxlayıb və böyük həcmdə silah-sursat müsadirə edib. Müsadirə olunan arsenalın tərkibində təyyarələri vurmaq və zirehli texnikanı məhv etmək gücündə olan raket sistemlərinin də olduğu bildirilib.

The New York Times qəzetinin məlumatına görə, kartel rəhbərinin öldürülməsi ölkənin azı beş ştatında sürətli etiraz aksiyalarına və zorakılıq hallarına səbəb olub. Ekspertlər hesab edir ki, bu hadisə CJNG üçün ciddi zərbə olsa da, təşkilat daxilində hakimiyyət uğrunda mübarizə və regionlarda təhlükəsizlik riskləri qısa müddətdə daha da arta bilər.

Mütəxəssislərin fikrincə, CJNG son illərdə Meksikanın ən güclü və aqressiv cinayətkar qruplaşmalarından birinə çevrilmişdi və onun liderinin aradan götürülməsi beynəlxalq narkotik şəbəkələrinə qarşı mübarizədə mühüm mərhələ hesab olunur.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources