EN

İranda tələbə etirazları davam edir, xəsarət alanlar var

Universitetlərdə ikinci gündür aksiyalar keçirilir, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yaralananların olduğu bildirilir...

İranda tələbələr ardıcıl ikinci gündür ölkənin bir neçə universitetində etiraz aksiyaları keçirirlər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi İran informasiya vasitələrinə və sosial şəbəkələrdə yayılan paylaşımlara istinadən məlumat yayıb.

Məlumata görə, yeni iğtişaşlar yanvar ayında baş vermiş hökumət əleyhinə nümayişlərdən sonra yenidən alovlanıb. Həmin aksiyalar 1979-cu il İslam İnqilabından bəri ölkədə qeydə alınmış ən genişmiqyaslı etiraz dalğası kimi qiymətləndirilmişdi.

İran dövlət televiziyası paytaxt Tehranda yayımladığı görüntülərdə “özlərini tələbə kimi təqdim edən şəxslərin” yanvar hadisələrinə qarşı keçirilən hökumət tərəfdarı aksiyalarda iştirak edən tələbələrə hücum etdiyini iddia edib. Televiziya süjetində həmin şəxslərin etirazçılara daş atdığı bildirilib.

ABŞ-də yerləşən HRANA hüquq müdafiə təşkilatının yaydığı videolara əsasən, etiraz aksiyaları ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərinin universitetlərində də keçirilib. Təşkilat təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində xəsarət alanların olduğunu açıqlayıb. Yaralananların sayı və vəziyyəti barədə rəsmi məlumat verilməyib.

Bir gün əvvəl isə Tehrandakı Şərif Texnologiya Universiteti yaxınlığında keçirilən yürüşün görüntüləri yayılıb. Kadrlarda iştirakçıların ölkənin ali rəhbəri ayətullah Əli Xameneini tənqid etdiyi və devrilmiş İran şahının sürgündə yaşayan oğlu Rza Pəhləvinin rəhbərliyi ilə monarxiyanın bərpasına çağırışlar etdiyi əks olunub.

Müşahidəçilər hesab edirlər ki, tələbə aksiyalarının yenidən genişlənməsi ölkədə sosial-siyasi gərginliyin davam etdiyini göstərir. Rəsmi qurumlar isə baş verənləri “təxribat” kimi qiymətləndirir və asayişin bərpa olunacağını bildirirlər.

Poliqon.info

Chosen
13
poliqon.info

1Sources