EN

İrəvan "Zəngəzur qapısı"nı bağlayır, Rusiyaya "kabus" yaşadır: Kreml ilə "körpülər yandırılır", Bakının isə bütün yolları açılır

Cənubi Qafqazda "geoiqtisadi savaş"ın mahiyyəti regional hərbi qarşıdurma mərhələsinin artıq arxada qaldığını göstərir... İndi bu regionda nəqliyyat-kommunikasiya xətləri, enerji marşrutları, siyasi-diplomatik mövcudluq və təhlükəsizlik mexanizmlərinə nəzarət uğrunda amansız savaş başlayıb...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda səssiz, ancaq strateji baxımdan, olduqca dərin bir geopolitik transformasiya müşahidə edilir. Ermənistanın Sünikdə (Zəngəzur) Rusiya baş konsulluğunun açılmasını faktiki olaraq, üç ildir ki, uzatması, buna paralel olaraq, Azərbaycanla sülh sazişinə hazır olduğunu bəyan etməsi və Türkiyənin enerji əməkdaşlığına yönəlik açıq mesajlar verməsi regionda yeni güc balansının formalaşdığını göstərir. Bütün bunlar həm də Azərbaycan-Rusiya-Ermənistan üçbucağında geopolitik və geoiqtisadi savaşın mümkün istiqamətlərini biruzə verir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistanın Sünik (Zəngəzur) bölgəsində konsulluq mövzusu regional rəqabətdə siyasi-diplomatik məsələ yox, məhz "strateji qapı"ya malik olmaq cəhdi kimi görünür. 2022-ci ildə İran Ermənistanın Kapan şəhərində baş konsulluq açmışdı. Bu addım rəsmi Tehran üçün sadəcə, diplomatik nümayəndəlik açmaq deyil, həm də Sünik (Zəngəzur) üzərində geopolitik maraqların strukturlaşmış ifadəsi idi.

247WhatsApp Image 2026-02-07 at 18.19.22.jpeg (216 KB)

Rusiya isə eyni bölgədə konsulluq açmaq istəsə də, bu proses Paşinyan hakimiyyəti tərəfindən uzadılır. 2025-ci ilin mayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələ ilə bağlı Ermənistanda “hazırlıq işlərinin getdiyini” bəyan etsə də, hələ də real nəticələr yoxdur. Və belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın Sünik (Zəngəzur) bölgəsində Rusiyanın strukturlaşmış mövcudluğunu istəmir.

Çünki Sünik (Zəngəzur) artıq sadəcə, Ermənistanın cənub vilayəti olmayıb, artıq həm də regionun gələcək nəqliyyat-kommunikasiya arxitekturasında önəmli faktordur. Belə ki, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirə biləcək Zəngəzur dəhlizi, Türkiyənin Orta Asiyaya çıxış perspektivi və İranın şimal təhlükəsizlik həssaslığı məhz bu ərazidə kəsişir. Və bu səbəbdən də Sünikdə (Zəngəzur) kim diplomatik və ya təhlükəsizlik mövcudluğunu gücləndirərsə, gələcəkdə tranzit və nəzarət mexanizmləri üzrə təsir imkanları arta bilər.

Ermənistan baş nazir Nikol Paşinyan son illərdə Rusiyanın orbitindən uzaqlaşma siyasətini sistemli şəkildə davam etdirir. Rusiyanın patronajlığı altında olan KTMT-da Ermənistanın fəaliyyəti faktiki olaraq, dondurulub. Rəsmi İrəvan Avropa Birliyi və ABŞ-la təhlükəsizlik dialoqunu genişləndirib. Sünikdə (Zəngəzur) Rusiya konsulluğunun açılmasının gecikdirilməsi də elə bu xəttin davamıdır. Bu, həm də Ermənistanın Rusiyadan kənar yeni təhlükəsizlik arxitekturasında suverenlik manevridir. Halbuki, Ermənistan hələ də enerji, iqtisadi-ticari və hərbi baxımdan, Rusiyadan asılı olduğundan, bu, rəsmi İrəvan üçün həm də olduqca riskli prosesdir.

fc3fc945bcf825ef070785bb2c453b4c.jpg (405 KB)

Ancaq maraqlıdır ki, Rusiyanın orbitindən uzaqlaşmağa can atan rəsmi İrəvan bu hədəfin yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdığı təqdirdə mümkün olduğunu da anlayır. Ona görə də, Paşinyan hakimiyyəti son vaxtlar Azərbaycanla yekun sülh sazişinin imzalanması ilə bağlı mövzunu tədricən Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq modelinə doğru yönəldir. Və bu, Paşinyan hakimiyyətinin sülh gündəliyinə iqtisadi-ticari transformasiya faktoru üzərindən yanaşdığını göstərir.

ATƏT-in Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan şərtsiz sülh sazişinin imzalanmasının vaxtının artıq çatdığını bildirib. Yəni, bu, o, deməkdir ki, rəsmi İrəvan "Qarabağ mövzusu"na nə vaxtsa geri qayıtmağın mümkün olmadığını artıq anlayır. Ermənistan regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacib olduğunu qəbul edir.

Ona görə də, rəsmi İrəvan son vaxtlar ənənəvi münaqişə mərkəzli təhlükəsizlik arxitekturasından artıq regional iqtisadi-ticari inteqrasiya modelinə keçidin mesajını verir. Paşinyan hakimiyyətinin bu yeni siyasi kursu isə ilk növbədə Rusiya üçün olduqca ciddi geostrateji itki deməkdir. Çünki onilliklər boyu Kremlin Cənubi Qafqazdakı əsas regional geopolitik nəzarət alətləri məhz “nizamlanmamış münaqişələr” sisteminə indeksli formalaşdırılmışdı.

Maraqlıdır ki, Cənubi Qafqazda geoiqtisadi və enerji xəritəsinin dəyişməsində Türkiyə faktoru da həlledici xarakter daşıyır. Belə ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar Ermənistanın da Azərbaycan-Türkiyə enerji əməkdaşlığına qoşula biləcəyini bəyan edib. Yəni, əgər, normallaşma cəhdləri baş tutarsa, Ermənistan regional enerji şəbəkələrinə qoşula, tranzit gəlirləri əldə edə, Türkiyə və Azərbaycanla geoiqtisadi əməkdaşlıq modeli formalaşa bilər. Və bu isə öz növbəsində Ermənistanın Rusiya enerji resurslarından, eləcə də logistikasından asılılığını azaltmış olar.

3ab8b7cd-e6f2-41df-8cfb-169a3b619ddb.jpg (185 KB)

Təbii ki, bütün bunlar Cənubi Qafqazda geopolitik rəqabət ilə yanaşı, "geoiqtisadi savaş"ın da artıq başladığını göstərir. Ancaq Ermənistan daxilində Rusiyaya bağlı radikal-revanş düşərgənin hələ də təsir imkanlarını qoruması bu prosesi ləngidə biləcək faktorların sırasına daxildir. Kremlin təlimatlarını icra edən bu siyasi düşərgənin son davranışları Paşinyan hakimiyyətinin kursuna daxildə müqavimətin hələ də davam etdiyini göstərir. Və daxili müqavimətin "siyasi-ideoloji narrativləri" isə artıq yalnız radikal-revanşist düşərgədə dəstəklənir.

Bütün bunların nəticəsində Azərbaycan-Rusiya-Ermənistan üçbucağında yeni balansın formalaşmaqda olduğu da açıq aşkar müşahidə edilir. Belə ki, Rusiya Ermənistan üzərində ənənəvi "təsir alətləri"ni tədricən itirir. Kreml Cənubi Qafqazda regional geoiqtisadi layihələrdən kənarda qalmaq riski yaşayır. Ermənistan Rusiyanın maraqlarına bağlı təhlükəsizlik modelini dəyişir və yeni geoiqtisadi reinteqrasiya imkanları axtarır. Azərbaycan isə post-müharibə mərhələsin üçün regional liderliyini daha da möhkəmləndirir. Və Türkiyə ilə birlikdə yeni tranzit, eləcə də enerji arxitekturası qurur.

Bu "geoiqtisadi savaş"ın mahiyyəti regional hərbi qarşıdurma mərhələsinin artıq arxada qaldığını göstərir. Belə ki, indi Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətləri, enerji marşrutları, siyasi-diplomatik mövcudluq və təhlükəsizlik mexanizmləri üzərində nəzarət uğrunda savaş ön plana keçib. Və əgər Ermənistan sülh sazişini imzalayarsa, nəqliyyat-ommunikasiya xətlərini açarsa, Rusiyanın təhlükəsizlik modelindən uzaqlaşarsa, onda Cənubi Qafqaz tamamilə yeni geopolitik mərhələyə daxil ola bilər.

Chosen
17
2
olke.az

3Sources