EN

ABŞ İranın təlimlərindən çəkinmir

İran ABŞ-ın hücum ehtimalını azaltmaq üçün Rusiya və Çinlə Oman körfəzi və Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri” adlı birgə hərbi təlimlər keçirib. Bu təlimlər hər il keçirilir. Vaşinqton bu təlimlərdən çəkinmir. Çünki, ABŞ-ın siyasi dairələrində hesab edirlər ki, İrana qarşı hücum həyata keçirilərsə Rusiya və Çin Tehranın tərəfində müharibədə iştirak etməyəcəklər. Moskva və Pekin sadəcə müharibə əleyhinə bəyanat verməklə kifayətlənəcəklər.

Rusiya və Çin fərqli problemlərin həlli ilə məşğuldurlar. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hərbi və diplomatik resurslarını Ukrayna istiqamətinə yönəldib və Kreml İranı xilas edəcək durumda deyil. Çin lideri Si Cinpin isə orduda təmizlik işləri aparmaqla məşğuldur. Qərb mətbuatının yazdığına görə, ordu generallarına qarşı aparılan antikorrupsiya araşdırmalarından sonra Çinin Mərkəzi Hərbi Komitəsində (MHK) cəmi iki nəfər qalıb və onlardan biri də məhz Si Cinpindir. O Çin Xalq Azadlıq Ordusunun operativ komandanlığını tam şəkildə öz əlində cəmləşdirməyə məcbur qalıb. Çin Müdafiə Nazirliyi sədrinin müavini Çjan Yusya və Birləşmiş Qərargahın rəisi Lyu Çjenli barəsində araşdırmalar davam edir. Hər ikisi intizam və qanunun ciddi şəkildə pozulmasında şübhəli bilinirlər. Bu, Çin Çin Xalq Respublikası tarixində görünməmiş hadisədir.

Çin ordusunda həbslərə baxmayaraq, Pekin nüvə potensialını artırmaqda davam edir. Vaşinqton nüvə silahlarının azaldılmasıyla bağlı sazişə Rusiya ilə yanaşı Çinin də imza atmasını tələb edərkən, Pekin bu tələbi rədd edib. Buna görə də Vaşinqton Moskva ilə yeni nüvə sazişi imzalamaq istəmir.

Bu arada, CNN televiziya kanalının kəşfiyyat orqanlarına istinadən məlumata görə, Çin yeni nəsil nüvə silahı hazırlayıb və onların sınaqlarını keçirib. Televiziya kanalına ötürülən xəbərdə deyilib ki, bu sınaq Çinin nüvə arsenalını dünyanın ən müasir və texnoloji baxımdan inkişaf etmiş vəziyyətə gətirmək məqsədilə həyata keçirilən geniş bir layihənin hissəsidir. Pekinin məqsədi aydındır. Çin nüvə potensialına görə, ABŞ və Rusiyaya çatmaq istəyir.

Chosen
12
aznews.az

1Sources