Moskva ən əvvəl Tiflislə separatçı bölgə nümayəndələrinin gələn ay keçiriləcək görüş yerini dəyişdirilməsini istəyir; Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra Moskvaya xeyli “qınaqlar” var, o səbəbdən, Rusiyanın tezliklə Gürcüstanda da “eyni zəifliyi” göstərə biləcəyi…
Rusiya Gürcüstanla separatçı “respublikaları”-Cənubi Osetiya və Abxaziya nümayəndələrini görüşdürmək üçün yeni təkliflə çıxış edib. Musavat.com xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya verdiyi açıqlamada bildirib. Diplomat vurğulayıb ki, “lakin Rusiya dialoqun İsveçrədən kənara çıxarılmasının tərəfdarıdır”. Bildirilir ki. BƏƏ, Səudiyyə Ərəbistanı və ya Belarus bu danışıqlar üçün daha uyğun məkan ola bilər. Yeni məsləhətləşmələr raundu 18-19 mart tarixlərində keçiriləcək. Qeyd edək ki, Cenevrə müzakirələri 2008-ci ilin avqustunda 5 günlük müharibədən sonra başlayıb. Bu formatda Abxaziya, Gürcüstan, Cənubi Osetiya, Rusiya və ABŞ, eləcə də Avropa Birliyi, BMT və ATƏT nümayəndələrinin iştirakı ilə aparılır.
Qaluzin deyib ki, formatın özü və onun davam etdirilməsi Rusiya üçün çox vacibdir. Lakin Qaluzin Rusiyanın müzakirələri İsveçrədən həqiqətən neytral bir ölkəyə keçirməkdə israrlı olduğunu vurğulayıb. “Təəssüf ki, İsveçrə Ukrayna böhranı kontekstində neytrallıq prinsipindən imtina edib və Kiyev tərəfdarı mövqe tutub. Buna görə də, onu danışıqlar üçün əlverişli bir yer hesab etmək çətindir”, – deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.
Ən son, 65-ci məsləhətləşmə raundu ötən iln 11-12 noyabrdı baş tutub. Heç bir əhəmiyyətli nəticə əldə edilməyib və tərəflər 18-19 mart tarixlərində yenidən görüşmək barədə razılığa gəliblər. Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməmək barədə saziş imzalamasını istəyir, rəsmi Tiflis isə bu cür sənədləri hazırlamağa hazır olmadığını deyib.
Fevralın 3-də Mixail Qaluzin qondarma Abxaziyanın xarici işlər naziri Oleq Bartsit və Cənubi Osetiya “prezidentinin dövlət müşaviri” Konstantin Koçiyevlə görüşüb. Moskva, Suxumi və Sxinvali Gürcüstan-Abxaz və Gürcüstan-Cənubi Osetiya dövlət sərhədlərinin delimitasiyasına başlamaq və ardınca onların demarkasiyası məsələsini qaldırmaq niyyətindədirlər.
Lakin Tiflis qondarma respublikaları “tanımaq və tam hüquqlu münasibətlər qurmaq” niyyıtində deyil. Gürcüstan rəsmiləri Abxaziya və Cənubi Osetiyan ölkənin sərhədləri daxilində görürlər. “Bu məsələnin həlli, əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür”, – deyə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Rusiya və Gürcüstan arasındakı münasibətlər hazırda yenidən canlanma yaşayır ki, bu da Cənubi Qafqazdakı vəziyyətə müsbət təsir göstərə bilər. Tfilisi milli iqtisadiyyatını qorumaq ehtiyacını əsas gətirərək Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan daim imtina edib. Baş nazir İrakli Kobaxidze vurğulayır ki, Gürcüstan öz ərazisindən “ikinci cəbhə”nin açılması üçün istifadə olunmasına icazə verməyəcək. Ölkələr arasında birbaşa uçuşlar 2023-cü ildə bərpa edilib və ticarət də artır.
Ekspertlərə görə, böyük ehtimalla Rusiya Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq, Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarında müəyyən düzəliş etmək məcburiyyətində qala bilər. Moskvanın separatçı bölgələri “tanınması” hələ heç nə demək deyil, beynəlxalq hüququ olmayan kağız parçasıdır. Gürcüstanın indiki hökuməti onu da çoxdan anlayıb ki, ərazi bütövlüyünü Qərb “dimdiyində” gətirməyəcək. Rəsmi Tiflis ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduğunu dəfələrlə bəyan edib. Amma Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra Moskvaya xeyli “qınaqlar” var. Hesab edilir ki, Azərbaycana torpaqlarını geri almağa ciddi maneə olmalıydı və s. O səbəbdən, Rusiyanın tezliklə Gürcüstanda “eyni zəifliyi” göstərə biləcəyi o qədər də real görünmür…Musavat.com