2026-cı ilin yanvar ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət əlaqələri daha da genişlənib. Azərbaycan Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, iki ölkə arasında mal dövriyyəsi 77,9 milyon ABŞ dollarına çatıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 milyon dollar və ya 6,6% çoxdur. Beləliklə, Bakı ilə Tbilisi arasında iqtisadi əməkdaşlıq yeni ilin ilk ayında artım dinamikasını qoruyub.
Yanvar ayında Azərbaycanın Gürcüstana ixracı 69,3 milyon dollar təşkil edib. Bu isə illik müqayisədə təxminən 7,3% artım deməkdir.
Bununla yanaşı, Gürcüstan Azərbaycanın qeyri-neft məhsullarının idxalında ilk üçlükdə yer alıb. 2026-cı ilin ilk ayında Gürcüstana qeyri-neft məhsullarının ixracı 31,617 milyon dollara yüksəlib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə təxminən 20% artım deməkdir.
Hesabat dövründə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 3,538 milyard dollar olub. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 milyard dollar və ya 30,5% azdır.