EN

İsveçdə atmosferə atılan emissiyaların həcmi yeddi faiz artıb

Stokholm, 22 fevral, Nərqiz Cəfərli, AZƏRTAC

İsveçin iqlim və ətraf mühit naziri Romina Purmoxtari ölkənin iqlim siyasətinin mənfi istiqamətdə inkişaf etdiyini deyib.

AZƏRTAC xəbər verir ki, “Ekot” radiosuna müsahibəsində nazirin bildirdiyinə görə, atmosferə atılan emissiyaların azaldılması tempi milli və beynəlxalq məqsədlərə nail olmaq üçün çox aşağıdır, 2024-cü ildə isə emissiyaların həcmi hətta 7 faiz artıb.

Nazirin sözlərinə görə, bunun səbəblərindən biri 2022-ci ildə elektrik enerjisi və yanacaq qiymətlərinin yüksək olması fonunda seçicilərin təkidi ilə bioloji yanacağın payına dair tələblərin qismən azaldılması olub.

R.Purmoxtari çıxış yolu kimi siyasi tədbirlərin gücləndirilməsini, ilk növbədə nəqliyyatın elektrikləşdirilməsinin sürətləndirilməsini, enerjidoldurma stansiyaları şəbəkəsinin inkişaf etdirilməsini, iqlim subsidiyalarının genişləndirilməsini və dəmir yolu infrastrukturuna investisiyaların artırılmasını göstərir.

“Biz demokratiya şəraitində yaşayırıq. Seçki kampaniyaları zamanı bəzi məsələlər ön plana çıxır. Hər kəs 2022-ci ili xatırlayır, o zaman əsas diqqət elektrik enerjisi və yanacağın yüksək qiymətlərinə yönəlmişdi. Gələcəkdə belə yanaşmadan qaçmaq, iqlim probleminin həllində yalnız bir üsula üstünlük verməmək, əksinə, geniş tədbirlər kompleksindən istifadə etmək lazımdır”, – deyə o bildirib.

Chosen
16
3
azertag.az

4Sources