EN

Ana dili hər bir xalqın milli kimliyidir



21 fevral – Beynəlxalq Ana Dili Günüdür.
“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Heydər Əliyev.
Azərbaycan yazıçılarının X qurultayında nitqindən (Prezident sarayı, 30 oktyabr 1997-ci il)


Fevralın 21-i bütün dünyada dillərin qorunması və inkişafına diqqətin artırılması məqsədilə Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1999-cu ilin noyabrında UNESCO tərəfindən təsis edilmiş və dil müxtəlifliyinin bəşəri dəyər kimi tanınmasına xidmət edir.

Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi dünyasının əsas dayağıdır. Dil xalqın düşüncə tərzini, mədəniyyətini, adət-ənənələrini və dəyərlər sistemini nəsildən-nəslə ötürən canlı bir irs olmaqla milli-mənəvi varlığımızın qorunmasında müstəsna rol oynayır. Məhz ana dili vasitəsilə milli şüur formalaşır, ədəbi-mədəni irs yaşadılır və gələcək nəsillərə ötürülür.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər milli kimliyin və mədəniyyətin əsas amillərindən birinin məhz dil olduğunu daim vurğulayır, ana dilinin qorunmasını xalqın müstəqilliyinin və mənəvi zənginliyinin təminatçısı kimi dəyərləndirirdi. Onun siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan dili dövlət səviyyəsində qorunmağa və inkişaf etdirilməyə başladı. 1969-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”, – deyən Ulu Öndərin prinsipial mövqeyi nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən 73-cü maddə daxil edildi. Həmin dövrdə belə bir qərarın qəbul olunması milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm və cəsarətli addım idi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir”.
Tamam Cəfərova qeyd edib ki, müstəqillik dövründə ana dilinin hüquqi statusu daha da möhkəmləndirilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bu müddəa dövlətçilik tariximizdə mühüm hüquqi əsas yaratdı və dilimizin inkişafı üçün yeni mərhələnin başlanğıcını qoydu. Daha sonra Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. Bu qərar Azərbaycan dilinin təkmilləşməsinə, latın qrafikalı əlifbanın tam tətbiqinə və dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar açdı. Eyni zamanda imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Sərəncam milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissəsinə çevrildi. 2003-cü il yanvarın 2-də isə Ulu Öndərin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qüvvəyə mindi. Həmin qanunda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri hesab edir, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bu hüquqi sənəd dilimizin ictimai-siyasi, elmi, mədəni və təhsil sahələrində tətbiqini genişləndirdi və dövlət dilinin mövqeyini daha da möhkəmləndirdi. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev bütün həyatını Azərbaycan dilinin qorunmasına, saflığının təmin edilməsinə və bu dilin gələcək nəsillərə təmiz şəkildə ötürülməsinə həsr edib”.

Millət vəkili bildirib ki, Ulu öndərin əsasını qoyduğu bu siyasət bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam və bu istiqamətdə görülən digər ardıcıl tədbirlər ana dilimizin qorunmasına, zənginləşdirilməsinə və qloballaşan dünyada layiqli yer tutmasına göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
Müasir dövrdə ana dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Dövlət başçısının Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu konsepsiyanın mənəvi dayağını təşkil edir. Prezident haqlı olaraq bildirmişdir ki, “təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti.” Bu fikrin arxasında həm mədəni, həm milli, həm də strateji məsuliyyət dayanır.
Dil xalqın varlığının simvoludur — onun kimliyini, düşüncə tərzini və mənəviyyatını yaşadır. Azərbaycan dili qədim və zəngin bir dildir; bu gün 50 milyondan çox insan üçün ana dili olan bu dilin inkişafı həm dövlətin, həm də cəmiyyətin birgə məsuliyyətidir. Prezidentin bu çağırışı ictimai fəallardan, alim və ziyalılardan tutmuş media nümayəndələrinə və təhsil müəssisələrinə qədər hər kəsə ünvanlanmış aydın bir vəzifədir: dilimizin saflığını qorumaq, ədəbi dildə danışmağı və yazmağı gündəlik vərdişə çevirmək.
Beynəlxalq Ana Dili Günü bir daha xatırladır ki, ana dilini qorumaq milli kimliyimizi, milli-mənəvi dəyərlərimizi və müstəqil dövlətçiliyimizi qorumaq deməkdir. Bu əlamətdar gündə hər birimizi ana dilimizin dəyərini daha dərindən dərk etməyə, onu gündəlik həyatımızda qürurla yaşatmağa və inkişafına töhfə verməyə çağırıram. Qoy Azərbaycan dili daim yaşasın, inkişaf etsin və xalqımızın milli varlığının əbədi simvolu olaraq nəsildən-nəslə ötürülsün!
Ana dilimizi qoruyaq, yaşadaq və gələcək nəsillərə böyük qürur və məsuliyyət hissi ilə çatdıraq!



Chosen
6
2
aia.az

3Sources