EN

Məxfi sənədin detalları üzə çıxdı: Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq?

ABŞ-nin vasitəçiliyi ilə Ukrayna ilə davam edən danışıqlarda Rusiyanın etməli olduğu güzəştlərin sadalandığı sənəd Avropa İttifaqına üzv ölkələrə təqdim olunub.

“Cebheinfo.az”-ın məlumatına görə, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallasın birliyə daxil olan ölkələrə göndərdiyi sənəddə sensasiyalı məlumatlar “Azadlıq” radiosunun Avropa xidmətinin əlinə keçib.

Sənəd “Avropanın hərtərəfli, ədalətli və davamlı sülh və qitənin təhlükəsizliyinin təmin olunmasında əsas maraqları” adlanır.

Avropa İttifaqının irəli sürdüyü təkliflər yalnız Rusiya-Ukrayna müharibəsinin həlli mexanizmləri ilə kifayətlənmir. Diqqəti cəlb edən məqamlardan biri Rusiyanın postsovet məkanındakı ölkələrdə hərbi bazalarını ləğv etmək tələbi ilə bağlıdır. Brüssel Rusiyadan qoşunlarının sayını azaltmağı və onları qonşu ölkələrdən çıxartmağı, həmin dövlətlərə hərbi təzminat ödəməyi tələb edir.

Sənəddə qeyd edilir ki, Belarusda nüvə silahı olmamalıdır. Belarusda, Ukraynada, Moldova Respublikasında, Gürcüstanda və Ermənistanda Rusiya hərbi mövcudluğu və yerləşdirilməsi qadağan edilməlidir.

Kaya Kallasın təqdim etdiyi şərtlər göstərir ki, Avropa İttifaqı Rusiyadan yalnız Ukraynadan deyil, həmçinin, Moldovada, Belarusda və Cənubi Qafqazda hərbi iştirakına son qoymağı tələb edir.

Yəni Brüssel sözügedən ölkələrdə Rusiyanın hərbi bazalarının olmasını Avropanın təhlükəsizliyi üçün potensial təhdid hesab edir. Rəsmi Moskvanın Ukraynadakı müharibədə qələbə qazanacağı təqdirdə, növbəti hədəfinin Moldova və Cənubi Qafqaz ölkələri olacağı artıq sirr deyil.

Rusyanın Moldovadakı separatçı Dnestryanı bölgəsində, Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazilərində və Ermənistanın Gümrü şəhərindəki hərbi bazaları bu işğalın reallaşması üçün həmin ölkələrin daxilinə yerləşdirilmiş bombaya bənzəyir. Bu isə Avropa İttifaqına hücum etmək üçün Rusiyanın əlini gücləndirən növbəti amilə çevrilə bilər. 

Sənəddə Rusiyanın Mərkəzi Asiya ölkələrindəki hərbi bazalarının adının çəkilmədiyini görmək olar. Lakin Cənubi Qafqaz, Ulrayna, Moldova və Belarus Şərqi Avropa regionuna aid olduğundan Brüsselin narahatlığının səbəbləri aydın olur.

Xüsusilə də, Rusiyanın taktiki nüvə silahlarını, “Oreşnik”, “İsgəndər M” ballistik raketlərini Belarus yerləşdirməsi Avropa İttifaqı ölkələrini müharibə hazırlığı təlimlərinə başlamağa vadar edib.

Qərb Rusiyanın hücuma keçəcəyi təqdirdə, Belarus ərazisindən Süvalki dəhlizi vasitəsilə Finlandiya və Baltikyanı ölkələrə müdaxilə edəcəyini proqnozlaşdırır. Moldovanın işğalı isə yalnız Rusiyanın bütün Ukraynanı, xüsusilə də Qara dəniz sahili boyunca cənub əraziləri və Odessa şəhərini tamamilə işğal edəcəyi halda mümkün ola bilər. Bu isə hazırkı şəraitdə real görünmür. 

Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalar Gürcüstanın işğalı və Azərbaycanın Qərbə  çıxış yollarını bağlamaq üçün ciddi təhlükədir. Bu baxımdan, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması və Zəngəzur dəhlizinin açılmasına ABŞ-nin dəstək verməsi geostrateji əhəmiyyət kəsb edir.

Azərbaycan “Tramp marşrutu” vasitəsilə Naxçıvan MR-a və Türkiyəyə birbaşa çıxış əldə etmək imkanı qazanır. Lakin Avropa İttifaqının yaydığı sənəddən aydın olur ki, Brüssel Rusiyanın Gümrüdəki 102 saylı motoatıcı hərbi bazasını Zəngəzur dəhlizi üçün ciddi təhlükə hesab edir. 

Adıçəkilən hərbi baza Rusiyanın Cənubi Qafqazla bağlı gələcək planlarını həyata keçirmək üçün təhlükə mənbəyi olaraq qalır. Hipotetik olaraq, Rusiya şimaldan Abxaziya və Cənubi Osetiya istiqamətindən Gürcüstanı işğal edib cənuba doğru hərəkət edərsə, Ermənistandakı 102 saylı hərbi baza ilə birləşə bilər.

Bu isə Ermənistanı işğal etməyə, Nikol Paşinyan hakimiyyətini devirməyə və kommunikasiyaların açılmasının qarşısını almağa imkan yarada bilər. Ona görə də Avropa İttifaqı Ermənistandakı Rusiya hərbi bazasını Ukrayndakı işğalçı ordudan az təhlükəli saymır və təcili Cənubi Qafqazdan çıxartmağı tələb edir. 

Chosen
22
cebheinfo.az

1Sources