EN

Azər Məmmədov: “Tarixin ağır repressiyalarından üzüağ çıxan Azərbaycan dili bu gün özünün ən şərəfli dövrünü yaşayır”



21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə mətbuata açıqlamasında aia.az saytının baş redaktoru Azər Məmmədov bəzi maraqlı fikirlərini paylaşıb.

Media təmsilçisi dilin hər bir millətin mənəvi sərvəti, onun keçmişi ilə gələcəyini bağlayan ən güclü körpü olduğunu diqqət mərkəzinə gətirərək, Azərbaycan xalqı üçün ana dilinin təkcə ünsiyyət vasitəsi deyil, həm də azadlıq, müstəqillik və milli qürur rəmzi olduğunu vurğulayıb. Ana dilimizin dövlət statusu qazanmasının və beynəlxalq kürsülərdə özünə layiq yer tutmasının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olduğunu deyən A.Məmmədov Ulu Öndərin hələ sovet rejiminin sərt qanunlarının hökm sürdüyü 1978-ci ildə böyük cəsarət nümayiş etdirərək Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsinə nail olduğunu bir daha müstəsna əhəmiyyət kəsb edən tarixi hadisə kimi qeyd edib: “Azərbaycan dilinin keçdiyi tarixi yol, əslində, xalqımızın azadlıq və varlıq mübarizəsinin aynasıdır. Lakin bu yol heç də hamar olmamışdır. Əsrlər boyu dilimiz müxtəlif siyasi basqılara, sistemli diskriminasiyaya və yad təsirlərə məruz qalmışdır. Xüsusilə XX əsrin əvvəllərindən etibarən Azərbaycan dili imperiya siyasətinin hədəfinə çevrilmiş, xalqın milli yaddaşını silmək məqsədilə əlifbamız qısa fasilələrlə bir neçə dəfə dəyişdirilmişdir. Ərəb qrafikasından Latına (1929), oradan isə icbari şəkildə Kiril qrafikasına (1939) keçid xalqın minillik yazılı irsi ilə bağlarını qoparmaq məqsədi güdürdü. Müxtəlif tarixi dövrlərdə dilimizə qarşı tətbiq edilən mənəvi soyqırım cəhdləri xalqın ruhunu sındıra bilmədi, lakin dilimizin dövlət statusu alması üçün polad kimi möhkəm bir iradəyə ehtiyac var idi. Azərbaycan dilinin müasir inkişaf tarixi və dövlət dili statusunun faktiki təsdiqi birbaşa Ümummilli Lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Ulu Öndərin dil siyasəti sadəcə linqvistik deyil, həm də dərin bir milli azadlıq strategiyası idi.”

Daha sonra baç redaktor Ulu Öndər Heydər Əliyevin respublikamızda hakimiyyətdə olduğu dövrlərdə ana dilimizin inkişafı üçün atdığı mühüm tədbirlərdən bəhs edib: “1969-cu ildə hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyev Azərbaycan dilini ictimai-siyasi həyata gətirməyi qarşısına məqsəd qoydu. O dövrdə rəsmi tədbirlərin rus dilində aparılması yazılmamış bir qanun olsa da, Ulu Öndər 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Moskvadan gələn nümayəndələrin qarşısında nümayişkaranə şəkildə ana dilində çıxış etdi. Bu, o dövrün siyasi konyukturası üçün sarsıdıcı və eyni zamanda xalqın milli ruhunu oyadan bir hadisə idi. Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına 73-cü maddəni — Azərbaycan dilinin dövlət dili statusunu daxil etməsi oldu. SSRİ rəhbərliyinin “vahid sovet xalqı və dili” konsepsiyasını irəli sürdüyü bir vaxtda belə bir addım atmaq böyük siyasi iradə və vətənpərvərlik tələb edirdi. Müstəqillik illərində isə Ulu Öndər 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla latın qrafikasına keçid prosesini qətiyyətlə başa çatdırdı.

Sonda media təmsilçisi müasir dövrümüzdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məqsədilə dövlətimiz tərəfindən məqsədyönlü tədbirlərin görüldüyünü xüsusi qeyd edib: “Bu gün Ulu Öndərimizin müqəddəs irsi Prezident İlham Əliyev tərəfindən uğurla və böyük uzaqgörənliklə davam etdirilir. Cənab Prezident ana dilini dövlətçiliyin ən mühüm sütunlarından biri hesab edir. Dövlət başçısının müvafiq sərəncamları ilə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatı incilərinin dilimizə tərcümə olunması milli təfəkkürün formalaşmasına misilsiz töhfələr verib. Prezident İlham Əliyev hər bir çıxışında dilimizin saflığının qorunmasını, əcnəbi sözlərin lüzumsuz işlədilməməsini və gənc nəslin ana dilinə hörmət ruhunda böyüməsini xüsusi tapşırıq olaraq qarşıya qoyur. 2018-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam bu qayğının ən bariz nümunəsidir. Dövlət başçısının qətiyyətli mövqeyi sayəsində bu gün Azərbaycan dili beynəlxalq təşkilatların, möhtəşəm zirvə görüşlərinin və Türk Dövlətləri Təşkilatının əsas tribunalarından ucalır.
Tarixin ən ağır repressiya illərindən, əlifba dəyişikliklərindən və sürgünlərdən üzüağ çıxan Azərbaycan dili bu gün özünün ən şərəfli dövrünü yaşayır. Heydər Əliyev ideyalarından güc alan və İlham Əliyev qətiyyəti ilə zənginləşən bu miras bizim ən böyük qürur mənbəyimiz, sarsılmaz mənəvi qalamızdır.”



Chosen
15
aia.az

1Sources