Deputatlar 10 məsələni müzakirə ediblər
Fevralın 20-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova fevralın 21-də dünya ölkələrində Beynəlxalq Ana Dili Gününün qeyd olunduğunu bildirib.
Spiker: Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir
Onun sözlərinə görə, Azərbaycan dili dünyanın ən zəngin və gözəl dillərindən biridir. Bizim dilimiz əsrlər boyu xalqımızın milli mənlik şüurunun formalaşmasında və mədəni irsinin qorunmasında mühüm rol oynayıb. Spiker deyib ki, Prezident İlham Əliyev ana dilimizin qorunmasına və inkişafına böyük diqqət yetirir: “Ulu Öndərin bu sahədə başladığı strateji xətt ardıcıl davam etdirilir. Ötən ilin noyabr ayında dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında Azərbaycan dilinin təmizliyinin qorunmasının və düzgün istifadə edilməsinin vacibliyini qeyd edib. O deyib ki, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”. S.Qafarovanın sözlərinə görə, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən işlərə Milli Məclis də parlament səviyyəsində dəstək göstərməyə çalışır: “Xatırladım ki, ötən il dekabrın 8-də Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr edilən konfrans keçirilib. Qanunvericilik orqanı Azərbaycan dilinin inkişafı sahəsində irəli sürülən təşəbbüsləri bundan sonra da dəstəkləyəcək”.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı fikirlərini bildiriblər. Deputat Müşfiq Cəfərov deyib ki, dövlət idarəçiliyində əsas prinsip institutların sabitliyi və mexanizmlərin davamlı işləkliyidir. Rəhbər dəyişiklikləri də idarəetmənin təbii hissəsidir. Lakin millət vəkilinin fikrincə, rəhbər dəyişdikdə qurumda ciddi kadr dəyişikliyi dərhal baş verməməlidir: “Çox zaman müşahidə edirik ki, rəhbər dəyişdikdən sonra strukturda kütləvi kadr dəyişiklikləri baş verir - şöbə müdirləri, müavinlər və digər əməkdaşlar vəzifədən uzaqlaşdırılır. Halbuki əsas meyar şəxsi münasibətlər deyil, işin nəticəsi və peşəkarlıq göstəriciləri olmalıdır”.
Vüqar Bayramov: Ölkəmiz regional “orta güc” dövlətinə çevrilib
Millət vəkili Vüqar Bayramov isə çıxışında bildirib ki, fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak etməsi və ABŞ Prezidenti tərəfindən ölkəmizlə bağlı deyilən xoş sözlər Azərbaycanın regional gücünü və geosiyasi mövqeyinin daha da gücləndiyini bir daha təsdiq edir. Onun sözlərinə görə, Sülh Şurası özündə dünyanın aparıcı iqtisadi gücünü də birləşdirir: “Bu, sadəcə həmin burada ABŞ-ın təmsil olunması deyil, həmçinin qurumun genişlənməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti indeksi nəzərə alınmaqla Sülh Şurasına üzv olan dövlətlərin birgə ÜDM-lərinin həcmi 54,4 trilyon dollardır. Bu, dünya iqtisadiyyatının üçdə biri deməkdir. Deməli, söhbət 50 trilyon dollardan artıq iqtisadiyyatı olan dövlətlərin iclasından gedir”.
V.Bayramovun fikrincə, Azərbaycanın yüksək səviyyəli iclasa dəvət olunması ölkəmizə olan xüsusi diqqətin göstəricisidir. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. “Çox vektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhfə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də inkişaf edir”,-deyə deputat vurğulayıb.
Azər Badamov: Xalqımızın həmrəyliyini heç kim poza bilməz
Millət vəkili Azər Badamov isə çıxışında Vaşinqtonda kiçik bir qrupun təxribat cəhdindən bəhs edib. Onun fikrincə, Azərbaycan Prezidentinin siyasətinin regionda sülh reallıqlarını yaratması, dünyada nüfuz sahibi olması, Münhendə, Vaşinqtonda və digər beynəlxalq platformalarda hörmətlə qarşılanan və sözünün çəkisi olan Lider olması çoxlarını narahat edir. “Bəziləri həmin təxribatçıları radikal müxalifətin nümayəndələri də adlandırır. Hesab edirəm ki, bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz. Müxalifət mübarizəni siyasi meydanda aparar. Amma bu milli satqınlar şovinist erməni dairələrin və xarici xüsusi xidmət orqanların cızdıqları ssenarilərə uyğun şəkildə hərəkət edirlər. Onlar bilməlidirlər ki, xalqımızın milli birliyini və həmrəyliyini heç kim poza bilməz”,-deyə A.Badamov vurğulayıb.
Çıxış edənlərdən komitə sədrləri Şahin İsmayılov, Fazil Mustafa, Zahid Oruc, deputatlar Əli Məsimli, Aydın Mirzəzadə, Sahib Alıyev və Ceyhun Məmmədov da aktual mövzulardan bəhs ediblər.
Konvensiya ratifikasiya olunub
Sonra iclasın gündəlyindəki məsələlər müzakirəyə çıxarılıb. Əvvəlcə, “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” ratifikasiya edilib. Bildirilib ki, 2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq olunub. Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
İclasda “Uşaq hüquqları haqqında”, “Kinematoqrafiya haqqında”, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında”, eləcə də “İnvestisiya fəaliyyəti haqqında” qanunlara dəyişikliklər ikinci oxunuşda qəbul olunub.
Eyni zamanda, gündəlikdə olan digər məsələlər müzakirə edilib.
Nardar BAYRAMLI