Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 21 fevral, AZƏRTAC
Ana dilinin ölkədə hakim mövqeyə yüksəlməsi təkcə onun dövlət dili elan olunması ilə deyil, cəmiyyət həyatının bütün sahələrində tətbiqi və inkişafı ilə mümkün olub. Bu isə böyük səylərin və qətiyyətli siyasi iradənin nəticəsidir.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi müstəqil dövlət quruculuğunun mühüm istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə ana dilinə xüsusi diqqət yetirib, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsində müstəsna rol oynayıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun mütəxəssisi Nigar Abdullayeva deyib. O bildirib ki, müstəqillik illərində Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoyub, dövlət dili kimi hüquqi statusu daha da möhkəmləndirilib: “Ulu Öndər çıxışlarında xalq dilinin zəngin ifadə imkanlarından ustalıqla istifadə edərək ana dilinə olan bağlılığını əməli fəaliyyəti ilə təsdiqləyib. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubileyində çıxış edən Prezident İlham Əliyev ana dilinin qorunmasının strateji əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycan dilinin qorunması hər bir vətəndaşın mənəvi borcudur. Dilimizin zənginliyi və gözəlliyi onun heç bir başqa dilin kölgəsində qalmamasını təmin edir. Bu məsələ cəmiyyət tərəfindən də həssaslıqla qarşılanır və geniş ictimai dəstək qazanır.
Dilimizin tarixi inkişaf mərhələləri yalnız yazılı ədəbiyyatda deyil, şifahi xalq yaradıcılığında da aydın şəkildə əks olunur. Folklor ana dilini qoruyub saxlayan və yaşadan əsas mənbələrdən biridir. Nağıllar, dastanlar, bayatılar və digər folklor janrları Azərbaycan dilinin zənginliyini, obrazlılığını və ifadə imkanlarını bu günə qədər yaşatmışdır. Dövlət dil və folklorun qorunması və inkişafı üçün müvafiq siyasi və hüquqi mühit formalaşdırır. Bu baxımdan ana dili, dövlət və folklor bir-biri ilə qarşılıqlı əlaqədə olan vahid dəyərlər sistemini təşkil edir”.
Nigar Abdullayeva qeyd edib ki, bu gün ana dilinin saflığının qorunmaması gələcəkdə daha ciddi mədəni itkilərə yol aça bilər: “Dil zəiflədikcə folklorun, ədəbiyyatın, mədəniyyətin, tarixin və elmin dayaqları da sarsılar. Çünki dil düşüncənin, milli yaddaşın və kimliyin əsas ifadə vasitəsidir. Rəqəmsal transformasiyalar dövründə folklor nümunələrinin toplanması və rəqəmsallaşdırılması dilin saflığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu materiallardan yalnız bugünkü nəsil deyil, gələcək nəsillər də istifadə edəcəkdir. Ona görə də bağça və məktəblərdən başlayaraq ali təhsil müəssisələrinə, media qurumlarına və digər təşkilatlara qədər bütün səviyyələrdə dil mədəniyyətinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilməli, maarifləndirici fəaliyyət daha da gücləndirilməlidir.
Ana dilini qorumaq milli kimliyi, tarixi yaddaşı və mənəvi bütövlüyü qorumaq deməkdir. Bu məsuliyyət isə hər birimizin üzərinə düşür”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.