EN

Süni intellekt nazirliklərdə: Hansı işləri görəcək?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılmalıdır.

"Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır", - dövlət başçısı qeyd edib.

Maraqlıdır, ölkəmizdə hansı nazirliklərdə süni intellekt istiqaməti üzrə məsul vəzifəli şəxslər, yaxud bölmələr var?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, Azərbaycanda dövlət qurumlarında - istər nazirliklərdə, istərsə də digər xidmət, komitə və strukturlarının hər birində İT üzrə əməkdaşlar fəaliyyət göstərir. 

Onun sözlərinə görə, bu sahə bəzən ayrıca idarə şəklində təşkil olunur, yəni nazirlikdirsə, onun tərkibində informasiya texnologiyaları ilə məşğul olan, proqram təminatlarını yaradan və idarə edən müvafiq struktur bölmələri mövcuddur:

“Məsələn, Elm və Təhsil Nazirliyində informasiya texnologiyaları üzrə müvafiq ada malik idarə var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu istiqamətdə müvafiq idarə var. Rəqəmsal inklüzivlik, dayanıqlılıq kimi məsələlər həmin idarədə tənzimlənir. Eyni zamanda, İqtisadiyyat Nazirliyi və digər bir çox nazirliklərdə də İT infrastrukturu xüsusi idarələr vasitəsilə idarə olunur. Həmçinin İqtisadiyyat Nazirliyi və digər bir çox nazirliklərdə İT infrastrukturu müvafiq struktur bölmələri vasitəsilə tənzimlənir. Bundan əlavə, bəzi qurumlar nazirliyin ümumi idarəetmə sisteminə daxil olmaqla yanaşı, daxili proseslərin təşkili üçün ayrıca kiçik İT heyəti də saxlayırlar.

Bir çox nazirlik və qurumlarda geniş İT ordusunun saxlandığını görürük. Bu heyətlər bəzən yüzlərlə əməkdaşdan ibarət olur. Şübhəsiz ki, bu, dövrün tələbindən irəli gəlir və olmalıdır. Amma əsas məsələ odur ki, nə qədər və necə olmalıdır. Bu yanaşma fərqlidir. Xarici təcrübəyə baxsaq, məsələn, Estoniya və digər inkişaf etmiş ölkələrdə dövlət özü birbaşa məhsul yaratmır. Dövlət ideya, fikir və konsepsiyanı formalaşdırır, məhsulları şirkətlər yaradır. Dövlət layihələri tenderə çıxarır, şirkətlər bu tipli məhsulları yaradaraq artıq inkişaf etmiş olurlar. Azərbaycada daha çox məhsulu dövlət özü yaratma fikrindədir. Bu, əvvəlki son onillikdə də belə olub. Ehtimal olunur ki, bundan sonrakı onilliklərdə də belə olacaq". Ekspertin fikrincə,  yerli İT ekosisteminin və müstəqil texnologiya şirkətlərinin inkişaf tempinə müəyyən təsir göstərir:

"Bu tendensiyanın Azərbaycada belə də davam etməsi mümkündür. Amma təbii ki, bu, belə olmamalıdır”.

Ekspert əlavə edib ki, məhz bu baxımdan Prezident İlham Əliyev tərəfindən hər bir dövlət qurumunda rəhbərlik səviyyəsində süni intellekt və kibertəhlükəsizlik sahəsini yaxşı bilən şəxsin təmsil olunması ilə bağlı çağırış edilib:

“Bütün bunların fonunda demək olar ki, Azərbaycanda İT sahəsində fəaliyyət göstərən heyətin, xüsusilə də rəhbərliyin süni intellekt strategiyasının icrası, kibertəhlükəsizlik siyasətinin formalaşdırılması və rəqəmsallaşma proseslərinin düzgün idarə olunması məsələlərini dərindən anlaması vacibdir.

Məhz bu baxımdan ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən çağırış edilib ki, hər bir dövlət qurumunda rəhbərlik səviyyəsində ən azı nazir müavinlərindən biri süni intellekt və kibertəhlükəsizlik sahələrini yaxşı bilən və bu istiqamətdə qərarvermə bacarığına malik şəxs olsun. Bu məqsədlə ya mövcud müavinlərdən birinə həmin səlahiyyət verilməli, ya da zərurət yaranarsa, yeni müavin ştatı açılmalıdır. Bu da o deməkdir ki, qurumlarda həyata keçirilən İT həllərinə süni intellektin inteqrasiyası, kibermüdafiə strategiyasının müəyyənləşdirilməsi və ümumilikdə rəqəmsallaşma prosesinin istiqaməti daha peşəkar və strateji baxımdan əsaslandırılmış qərarlarla idarə olunsun”.

Elvin Abbasov vurğulayıb ki, rəqəmsallaşmanı dövlət müəyyənləşdirirsə, təbii olaraq kadr da var:

"Əslində dövlət ideya qismində çıxış etməli, məsələləri şirkətlər idarə etməlidir. Dövlət bu sahədə stimullaşdırıcı rol oynamalı, sifarişçi qismində çıxış etməli, layihələri tenderə çıxarmalıdır. Tenderdə qalib gələn şirkətlər isə proqram təminatını hazırlamalı və icra etməlidir. 

Əslində bir çox qurumlarda artıq süni intellekt həlləri tətbiq olunur. Qurumlarda əvvəllər də müavinlərdən biri İT sahəsinə nəzarət edirdi. Sadəcə olaraq, indi bu nəzarətin daha ixtisaslaşmış və məhz süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahəsində bilik və təcrübəyə malik şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Prezidentin tapşırığına əsasən, bundan sonra daha təkmil və sistemli yanaşma formalaşmalıdır.

Süni intellekt layihələri indiyədək müxtəlif qurumlarda icra edilib. Məsələn, ASAN Xidmət vətəndaş yönümlü xidmətlərdə bir sıra süni intellekt həlləri tətbiq edir. Eyni zamanda,  İqtisadiyyat Nazirliyi sistemində, o cümlədən vergi xidmətlərində, eləcə də KOBİA çərçivəsində rəqəmsal xidmətlərdə süni intellektdən istifadə olunur.

Lakin hazırda əsas məsələ vahid rəqəmsal arxitekturanın formalaşdırılmasıdır".

Chosen
3
2
cebheinfo.az

3Sources