EN

Torpaq oyanır, bitkilər cana gəlir

Atalar deyib:  "Qışdan bir ay qalmış yazdır". Fevral ayının ortalarından havaların istiləşməsi bu deyimi bir daha təsdiqləyir. Bir həftəyə yaxındır günəş öz hərarəti ilə Muğan torpağını isitməyə başlamışdır. Çillələr ömrünü başa vurduqdan sonra yaranan bu hərarət nəticəsində çöldə-düzdə otların, taxıl əkinlərinin nisbətən yaşıllaşması hiss olunur. 

Bütün bunlar fermerləri yaz qayğılarına kökləyir. İndi onlar taxıl, yonca əkinlərini suvarmaq, yemləmə gübrəsi vermək üçün sahələri gəzib diqqətlə nəzərdən keçirir, təxirəsalınmaz tədbirlər görürlər, o sıradan suvarma kanallarında, arxlarda təmir aparır, digər tədbirlər həyata keçirirlər ki, suvarmanı tez və keyfiyyətlə başa çatdırsınlar. Əkinçilər yaxşı başa düşürlər ki, əkin suyu get-gedə problemə çevrilir. Buna görə aralarında suvarma zamanı müəyyən söz-söhbətlər də yaranır. O üzdən sudan səmərəli istifadə etmək, su itkisinə yol verməmək üçün məsələnin ciddi nəzarətə götürülməsi tələb olunur. 

Yanvar və fevral aylarında Cəlilabadda yağan qar fermerlərin və torpaq mülkiyyətçilərinin, sahibkarların üzünü güldürmüşdür. İlin bu aylarında yağan qar bolluqdur, bərəkətdir. Kənd adamlarının belə bir sözü var: "Qar taxılın yorğanıdır". Düzdür, bu "yorğan"ın ömrü cənub zonası rayonlarında, o cümlədən Cəlilabadda çox olmur, lakin güclü qardan sonra göyün üzü açılır, hava boşalır, mülayimləşir, ağ libas geyinən çöllər yenidən öz görkəmini alır. Ancaq ömrü az olan bu qarın xeyri çox olur. Düşən şaxtalar sahələrdəki qurd-quşu məhv edir. Digər tərəfdən qarın torpağın alt qatına süzülən suyu müəyyən su ehtiyatı, nəmişlik yaradır. Bu qar əsasən dəmyə iqlim şəraitində taxıl əkib-becərənlər üçün əvəzsiz bir nemətdir, ulu Tanrının, təbiətin mərhəmət və səxavətidir.

Buna görə də indi cəlilabadlıların üzü gülür. Yeri gəlmişkən, belə bir fikir də var ki, Novruza bir ay qalmış və Novruzdan bir ay keçmiş düşən yağıntıların xeyri çoxdur. Həmin zaman torpaq oyanır, bitkilər torpaqdan baş qaldırır və su içərək inkişaf edir. Novruzdan bir ay keçmiş isə yağan yağışlar taxılın, yoncanın, göy otların boyunu uzadır, eyni zamanda bu vaxt taxıl zəmiləri yenidən su içib canlanır, gələcək məhsulun əsası qoyulur.  Mütəxəssislər deyirlər ki, bundan sonra yazda bir-iki dəfə də yağsa, taxıl əvvəlki illərə nisbətən daha çox olur. 

Keçən ilin payızında Cəlilabadda 50 min 372 hektarda buğda, 16 min 9 hektarda arpa əkilib. Əkində "Bərəkətli-95", "Qaraqılçıq", "Qobustan" buğda, "Cəlilabad-19", "Şahid", "Qarabağ-22" arpa sortlarından daha çox istifadə edilib. İmkanlı fermerlər əkinlə birlikdə torpağa ammafos gübrəsi veriblər ki, bu da biçin zamanı məhsuldarlıqda özünü mütləq göstərəcək. 

Payızda yağışlar nisbətən geciksə də, sonradan düşən yağıntı onu bir növ əvəz etdi. Nəticədə sahələrdə normal çıxış alındı. Bir az əvvəl dediyimiz vəziyyət - düşən qar taxılın muradını verib. Quraqlıq keçən vaxtlarda isə 6 min 978 hektarda ziyanvericilərə qarşı mübarizə tədbirləri görülüb. Birazdan əkinlərə yemləmə gübrəsi verilməsinə başlanacaq. Bununla əlaqədar "Aqrolizinq" və ayrı-ayrı sahibkarlar tərəfindən rayona kifayət qədər müxtəlif növ yemləmə gübrələri gətirilib. 

Təbiətin mərhəməti, insanların zəhməti, çoxillik təcrübəsi deməyə əsas verir ki, cəlilabadlılar bu il də öz ənənələrinə sadiq qalaraq yüksək taxıl məhsulu yetişdirəcək, həm öz, həm dövlətin təknəsini çörəksiz qoymayacaqlar. 

Seyran CAVADOV, 

"Azərbaycan"

1Sources