EN

Bəşəri dəyərlərə həsr olunmuş nəcib missiya

Müasir dünyada sürətlə dəyişən proseslər, münaqişələr, sosial bərabərsizliklər və humanitar çağırışlar fonunda insanpərvərlik və mərhəmət anlayışları ön plana çıxır. Məhz belə bir mürəkkəb dövrdə insanı, onun ləyaqətini və həyatını ali dəyər kimi qəbul edən liderlərin fəaliyyəti xüsusi önəm daşıyır. Humanizmə söykənən bu yanaşma yalnız sözdə deyil, ardıcıl əməllərdə təsdiqini tapanda cəmiyyət üçün real dayaq və ümid mənbəyinə çevrilir.

Humanizmi və xeyirxahlığı həyat amalına çevirən, insanlara dayaq olmağı ali məqsədi sayan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da belə seçilmiş şəxsiyyətlərdəndir. Mehriban xanımın özünün də dəfələrlə vurğuladığı kimi, onun həyat fəlsəfəsinin əsasında insanpərvərlik dayanır. Və bu fəlsəfə fərdi xeyirxahlıq anlayışından çıxaraq dövlətçilik düşüncəsi ilə uzlaşan, bəşəri dəyərlərə xidmət edən genişmiqyaslı bir missiyaya çevrilib.

Azərbaycan dövlətinin və xalqının rifahı, sosial ədalətin təmin olunması və davamlı inkişaf naminə yorulmaz fəaliyyət göstərən Mehriban Əliyevanın təşəbbüsləri təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda humanitar əhəmiyyət daşıyır. Azərbaycanın birinci xanımının rəhbərliyi ilə həyata keçirilən layihələr insanların taleyində böyük rol oynayır, cəmiyyətin həssas təbəqələrinə ümid verir və mərhəmətin əsl gücünü nümayiş etdirir.

Vətən naminə

Çoxşaxəli fəaliyyətində sosial sahəni əsas prioritet kimi müəyyən edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycandakı bütün kimsəsiz uşaqların doğma hamisi, mənəvi dayağıdır. Daun sindromu, autizm, talassemiya, əqli və fiziki məhdudiyyətlər, onkoloji və digər ağır xəstəliklərlə mübarizə aparan uşaqlara göstərilən xüsusi diqqət və qayğı bu humanist yanaşmanın bariz nümunəsidir. Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə 18 yaşadək uşaqların, eləcə də əlilliyi olan şəxslərin tibbi müalicə və reabilitasiyası üçün müasir standartlara cavab verən ixtisaslaşmış mərkəzlər yaradılıb. Şəhid ailələri və qazilərə göstərilən diqqət Mehriban xanım Əliyevanın fəaliyyətində xüsusi yer tutur. Onların müalicəsi, sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, iş və mənzil təminatı istiqamətində həyata keçirilən tədbirlər ardıcıl və sistemli xarakter daşıyır.

Aprel döyüşləri zamanı da, Vətən müharibəsinin ən ağır və taleyüklü günlərində də Mehriban xanım daim xalqın yanında oldu, mənəvi dayaq nümayiş etdirdi. Qələbə sevincini də, şəhid və yaralıların ağrısını da xalqla birlikdə bölüşən Birinci vitse-prezident 2020-ci il dekabrın 4-də etdiyi paylaşımında şəhid ailələrinin kədərinə şərik olduğunu bu duyğulu sözlərlə ifadə etmişdi: "Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm".

Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində şəhid olmuş və yaralanmış qəhrəmanlarımızın ailələrinə Heydər Əliyev Fondu tərəfindən hərtərəfli dəstək göstərilir. Yaralılar yüksəktexnologiyalı protezlərlə təmin olunur, dünyanın aparıcı tibb müəssisələrində müalicə almaları üçün imkanlar yaradılır. Bu kateqoriyaya aid vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesində də mühüm rol oynayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bölgəyə hər səfəri yeni həyatın, bərpanın və quruculuğun rəmzinə çevrilir. Kənd və şəhərlərin bünövrəsinin qoyulması, infrastruktur layihələrinin icrası, mədəni tədbirlərin, musiqi və poeziya bayramlarının təşkili, bərpa edilmiş məscidlərdə edilən dualar bu torpaqların tarixi, mədəni və mənəvi ruhunun yenidən canlandığını əyani şəkildə nümayiş etdirir.

"...Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm...", - deyə, Mehriban Əliyeva  Vətən müharibəsindən qısa zaman sonra, 2020-ci il dekabrın 8-də Azərbaycan xalqına bu sevindirici müjdəni vermişdi. 

Mehriban xanım bəyan etmişdi ki, həyata keçiriləcək layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır.

Ötən müddətdə Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurda yerləşən tarixi, mədəni və dini abidələrin bərpasını uğurla həyata keçirir.

Peşəkar idarəçilik, yüksək təşkilatçılıq

"Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir" deyən Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətində təhsil sahəsi ilk yerlərdə qərarlaşır. Fondun bütün ölkədə böyük rəğbətlə qarşılanan və uğurla reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı, "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi layihələri buna misaldır. 

Azərbaycanın hərtərəfli inkişafına və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə mühüm töhfələr verən Mehriban xanım Əliyeva üzərinə götürdüyü  vəzifələri yüksək məsuliyyət və fədakarlıqla icra edir. Mehriban xanımın ardıcıl fəaliyyəti nəticəsində Azərbaycan dövləti dünyanın diqqət mərkəzində olan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə layiqincə evsahibliyi edib.

"Avroviziya" Mahnı Müsabiqəsi, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının təşkili buna nümunədir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında yaradılan Təşkilat Komitəsi bu tədbirlərin keçirilməsində peşəkar idarəçilik və yüksək təşkilatçılıq bacarığını aydın şəkildə nümayiş etdirib. Bu tədbirlər Azərbaycanın təşkilati imkanlarını və müasir dövlət kimi potensialını bir daha dünya ictimaiyyətinə təqdim edib.

Mehriban Əliyevanın birbaşa diqqəti sayəsində ölkəmizdə idman sahəsində mühüm nailiyyətlərin əldə olunması da danılmaz reallıqdır.   

Dəyərlərin yaşadılması

Dünyada multikultural dəyərlərin təşviqi, tolerantlıq mühitinin qorunub saxlanması, sivilizasiyalararası dialoqun inkişafı istiqamətində həyata keçirilən beynəlxalq fəaliyyət Mehriban xanım Əliyevanın humanist baxışlarının davamıdır. Bu xoşməramlı missiya insanlığın və həyatın davamlılığına xidmət edən ali məqsədlərə yönəlib.

2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş və böyük insan itkisinə səbəb olmuş dağıdıcı zəlzələdən sonra Azərbaycanın birinci xanımının ilk gündən zərərçəkənlərə göstərdiyi dəstək də bu xeyirxah fəaliyyətə nümunədir. Mehriban xanımın, "Türkiyə xalqının kədəri bizim kədərimizdir" ifadəsi yalnız sözdə deyil, konkret humanitar addımlarla təsdiqləndi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə göndərilən yardımlar həm maddi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdı və qardaş ölkədə yüksək minnətdarlıqla qarşılandı. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində bu kimi nümunələr çoxdur və bu istiqamətdə atılan xoşməramlı addımlar "dünyanı birlikdə qoruyaq" kimi qlobal missiyaya xidmət edir.  

2005-ci ildə Pakistanda baş verən dəhşətli zəlzələ zamanı Azərbaycanın yardım göstərən ilk ölkələrdən biri olması da bu humanist siyasətin göstəricisidir. 2007-ci ildə Müzəffərabad şəhərində dağıdılmış məktəbin yerində Heydər Əliyev Fondu tərəfindən müasir təhsil ocağının inşa edilməsi, 2012-ci ildə isə Mehriban Əliyeva adına qızlar məktəbinin açılması Pakistan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkili, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı, Romada Müqəddəs Marçellinio və Pietro, həmçinin, Müqəddəs Sebastian katakombalarının bərpası və sair kimi xeyli sayda həyata keçirilən mədəni əməkdaşlıq layihələri bəşəri irsə verilən yüksək dəyərin təzahürüdür.

Təsadüfi deyil ki, Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell'ordine Piano) layiq görülüb. 

Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ötən il oktyabrın 16-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri ölkəmizin humanitar diplomatiyasının növbəti mərhələsini təşkil etdi. Birinci vitse-prezident Mehriban Əliyevanın səfər zamanı Vatikanda dövlət xadimləri ilə səmərəli görüşləri Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirildi.

Həmin səfər zamanı Roma Papası XIV Leo ilə görüşərkən Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb.

Öz növbəsində Roma Papası XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Sülhün, dostluğun və qarşılıqlı anlayışın möhkəmlənməsi

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycanın multikultural dəyərlərə sadiq, müxtəlif din və mədəniyyətlərə hörmətlə yanaşan ölkə kimi mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və ardıcıl humanitar fəaliyyəti bəşəri dəyərlərin yaşadılmasına, dünyada sülhün, dostluğun və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edən ali missiyadır.

Bu fəaliyyət həm sosial ədalətin təmininə, həm müharibə və fəlakətlərdən zərər çəkmiş insanların yaralarının sarınmasına, həm də tarixi-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr göstərir ki, humanizm sərhəd tanımır və bəşəri dəyərlər ümumbəşəri məsuliyyət tələb edir.

Dünyada sülhün, tolerantlığın və qarşılıqlı anlaşmanın getdikcə daha çox ehtiyac duyulduğu bir dövrdə bu xoşməramlı missiya xalqlar və mədəniyyətlər arasında körpülər yaradır, dialoqu təşviq edir və Azərbaycanın humanitar diplomatiyasının gücünü nümayiş etdirir. Məhz bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun artmasına, multikultural dəyərlərə sadiq dövlət kimi tanınmasına mühüm töhfə verir.

Bütün bunlar bir daha təsdiqləyir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti bəşəri dəyərlərin qorunması və yaşadılması naminə atılan ardıcıl addımların, sülhə, xeyirxahlığa və insanlığa xidmət edən nəcib yolun bariz nümunəsidir. Bu yol yalnız bu günün deyil, gələcək nəsillərin də mənəvi dayağına çevriləcək ümumbəşəri bir missiyadır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

1Sources