1-ci liqada çempionluğa real namizədlərdən olan “Şəfa” dünən növbəti xal itkisi ilə üzləşib. Paytaxt təmsilçisi bu dəfə “Mingəçevir”lə ev oyununda heç-heçə edib – 2:2.
“Baku Sportinq” də qələbə qazandığından lider “Şəfa” ilə xal fərqi 1-ə endi. “Şəfa” isə nə ötən tur “Səbail”i məğlub edə bildi, nə də dünən “Mingəçevir”i.Özü də ilk 10 dəqiqədən sonra hesab artıq 2:0 idi.
“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Football-plus.az”a həm turnir cədvəlindəki mövcud durum, həm də “Mingəçevir”lə oyun haqda açıqlama verib:
“Oyuna çox inamlı başladıq, iki qol vurduq. Sonradan oyunun axarı bərabərləşdi. Səbəb o oldu ki, ehtiyatlı oynamağa üstünlük verdik. Top itkilərimiz oldu. İkinci yarı da eyni şəkildə davam etdi. Rəqib hava topları ilə oynayırdı. Qapımızda ilk qolu görəndən sonra sıx müdafiə olunduq, qırmızı vərəqə də aldıq. Bundan sonra oyun rəqibin tam üstünlüyü şəraitində keçdi. İkinci sarı vərəqə verilməməliydi. Çünki oyunun ləngidilməsinə görə verilmişdi. Hakimin xəbəri yox idi ki, Vüqar Həsənovun artıq sarı vərəqəsi var. Biləndən sonra da gec idi. Qırmızı vərəqə qırılma nöqtəsi oldu. Oyunun sonlarında gərginlik artmışdı, rəqib daha çox qol vəziyyəti yaratdı. Turnir cədvəlində liderik. Əsas məqsədimiz də budu. Hazırda ağır təqvimimiz var. Digər iddialılar isə nisbətən rahat rəqiblərlə qarşılaşacaq. Düzdü, asan rəqib yoxdu, amma növbəti oyunlarımız nisbətən daha asan rəqiblərə qarşıdı. “Difai”, “Şahdağ Qusar” xeyli güclənib, legioner transfer ediblər. Məncə, növbəti turlarda xal fərqli yenidən arta bilər”.
MÜZƏFFƏR QULUZADƏ