EN

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Müharibə, həm də vaxtilə inkişafı geridə qalan xalqların döyüş yolu ilə, qazandıqları hərbi güc hesabına qaliblərə çevrildiyinə də şahidi olmağa gətirib çıxarır. Daim qalib gələn xalq və dövlət olmadığı kimi, məğlubiyyətin dəhşətli  ağrısını uzun müddət çəkməyə dözən xalq da olmur. Onlar imkan düşən kimi bütün qüvvələrini toplayıb, ciddi hazırlıq görüb öz əhalisini doğma yurd-yuvalarından qovan və bu əraziləri xarabazara çevirən dövlətə və onun ordusuna qarşı öz döyüş məharətini göstərməyə qadir olur və özünün ən azı bir əsrlik düşmənini ağır məğlubiyyətə düçar etməyi də bacarır. XXI əsrin ikinci onilliyinin sonunda, 2020-ci ilin 44 günlük payızında Azərbaycan Ordusu, otuz  il ərzində onun ərazisinin xeyli hissəsini işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın etməklə, öz ərazi suverenliyini bərpa etdi. Məğlub dövlət və ordu yenidən revanşizm xəstəliyinə tutulsa, ondan müalicə oluna bilməyəcəkdir və hətta öz mövcudluğunu itirmək təhlükəsi ilə də üzləşə bilər.

İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan siyasi və hərbi rəhbərliyi Azərbaycanın hərbi qüdrətinə inanmaq istəmirdi və guya öz torpağını silah tətbiq etmək yolu ilə azad etmək fikrinə düşsə, yeni işğal hesabına, ölkənin daha böyük ərazi itkiləri verəcəyinə ümid bəsləyirdi.

Ermənilər müharibə bərpa olunduqda, Bakını da işğal edəcəklərini, onun küçələrində çay içəcəklərini proqnozlaşdırırdılar. 2020-ci ilin sentyabrının sonunda başlanan və noyabrın birinci ongünlüyündə yekunlaşan yeni müharibə isə Ermənistan ordusunun darmadağın edilməsi, ermənilərin tam və qəti məğlubiyyəti ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ermənilərin sərsəm düşüncələrinə, özünün malik olduğu zəngin diplomatik leksika arsenalına məxsus olan sarkazm ilə cavab verərək, dedi ki, separatçıların liderləri çayı heç də Bakının geniş küçələrində deyil, cinayətkar kimi həbs olunduqlarına görə şəhərin xüsusi təyinatlı dustaqxanasınin dar kamerasında, məhkəmə tədqiqatını gözləyərkən içməli oldular.

Vaxtilə Hitler də on il sonra Berlinin daha abad və daha gözəl olacağını vəd etmişdi. Həmin müddətdən sonra, 1945-ci ildə Berlini qalib sovet ordusu dağıtmış, xarabalıqlar məkanına çevirmişdi. Bundan xeyli əvvəl isə Hitlerin və onun nasistlərinin beyinlərində, şüurlarında əmələ gələn dağıntı Avropa xalqlarına və almanların özünə böyük bədbəxtliklər gətirmişdi. Göründüyü kimi, həmin saxta ideyalar sadəcə olaraq oksimorona çevrildi, gerçəklik, onların ümidlərinin ziddinə, tam əks şəkildə reallaşdı.

Azərbaycan çayının keyfiyyətini, ətrini hamı etiraf edir. Erməni siyasi xadimlərini dustaqxanada içdikləri çay onlara heç də ləzzət deyil, yəqin ki, zəhər dadı verir. Axı hələ buna qədər on illər ərzində onların beyinləri, şüurları kütləvi qaydada zəhərlənmişdi. Zəhərlənmiş beyinin sahibinin bədəninin də həmin virusla sirayətlənməsinə elə bir ehtiyac da yoxdur. Çünki Şərq şairi Maxtumkulunun təbirindən istifadə edilsə, "başsız bədənə leş deyirlər". Leşdən isə ətrafa yalnız üfunət yayılır. Yaxşı ki, cinayətdə ittiham olunan baş erməni sepatçıları qapalı məkanda saxlandıqlarından, yalnız həmin cəza məkanını korlamağa qadirdilər.

Din barədə söhbətə qayıdaraq, çox sayda müsbət xüsusiyyətləri ilə yanaşı, dini ehkamlar heç də mənfi çalarlardan da xali deyildir. Sinaqoqa və məscid, həmin dinlərin əhatə etdiyi xalqların ərzaq ehtiyacı içərisində yaşadığı, bəzən aclıqla üzləşdikləri halda, ehkamlarına hörmət əlaməti kimi qidalanmada qoyulmuş müxtəlif məhdudiyyətlərə ciddi nəzarət edirdilər. Bibliyada Moiseyin beş kitabı hesab edilən Tövratın "Deyteronomiya" - "İkinci qanun" kitabında yəhudilərin hansı mal və quş ətini, balıq növlərini yeməli olduğu barədə sərt göstərişlər vardır. Din, kövşəməyən heyvan növlərinin ətinin yeyilməsini qadağan edir, həm də mal-qara "kaşer" qaydasında kəsilməlidir. Pulcuğu olmayan balığı da yemək məqbul sayılmır. Ov quşları da istehlak üçün icazə verilən və verilməyənlərə bölünür.

İslam da iudaizmin təqlidi qaydasında belə qadağaları dini prinsip kimi irəli sürür. Müsəlmanlar da ət istehlakı üçün kəsilən heyvanlar barədə "halal" qaydasını tətbiq edirlər. Lakin heç də bütün müsəlmanlar bu qadağalara əməl etmirlər. Müsəlman qazaxlar, qırğızlar at ətini, özbəklər isə ondan hazırlanan "kazı" kolbasasını tam açıq şəkildə yeyirlər. Digər dinlərə sitayiş edən bəzi xalqlar isə hətta it ətindən və eşşək ətindən də imtina etmirlər. Koreyada, Vyetnamda, Meksikada birincinin, Çində isə ikinci növün istehlakı qeyri-adi bir şey hesab olunmur. Hindistanda xörəyə sarımsaq qatılması və bu bitki məhsulunun yeyilməsi əhalinin bəzi qrupları arasında qadağan olunur. Guya allah Krişnaya onun iyi və dadı xoş gəlməmişdir. Ona görə krişnaitlər bu faydalı bitki qidasından imtina etməlidirlər. Servantesin qəhrəmanı Don Kixotun virtual sevgilisi Dulsineya isə daim sarımsaq çeynəyirdi və ona olan sevgiyə bu vərdişi təsir göstərə bilmirdi.

Monoteist dinlər, əsasən Xristian və İslam dini daha cazibədar təsir bağışladığından və onların yayılmasına həm də çox sayda vasitələr cəlb edildiyindən, qısa müddətdə geniş əraziləri əhatə etdi. Bütpərəstlik belə imkanlara malik deyildi, çox allahlılıqda (politeizm) isə ayrı-ayrı ilahi qüvvədə himayə axtaranlar da müxtəlif dəstələrə bölünürdü. Tək allahlılıqda isə bir ilahi varlığa sitayiş edilir, ondan mərhəmət dilənir və günah işlətdiyinə görə onun cəzasına düçar olmaq qorxusu Damokl qılıncı təsiri bağışlayırdı. Günah isə yalnız insanla Allahın münasibətinə aiddir, insan səhv və ya itaətsizlik etdikdə Tanrı tərəfindən layiqli cəzasını almalıdır. Bu qorxu bütün ömrü boyu insanı müşayiət edirdi. İnsanların özləri arasındakı münasibətlərin hansısa bir şəkildə pozulması isə günah deyil, təqsir xarakteri daşıdığından, onların cəzalandırılması və həlli cəmiyyət tərəfindən yaradılan ictimai institutların köməyi ilə qaydaya qoyulurdu. Tək Allahın varlığına inam, həm də dindarlığın əvvəllər məlum olmayan nəhəng ölçüdəki kütləviliyinə səbəb olurdu. İbadətlərin nizamlı qaydada keçirilməsi də inancın möhkəmlənməsinə xeyli xidmət edirdi.

Burada Qədim Romanın görkəmli siyasi və hərbi xadimi Böyük Pompeyin bir məşhur ifadəsi də, yeni dinlərin dominantlıq qazanması şansını da yaxşı təsdiq edir. Gənc zabit kimi müstəqilliyi ilə seçilən Pompeyin davranışı, sərkərdə Sullanın xoşuna gəlmədiyindən, ona öz sərt iradını bildirmişdi. Pompey ona cavabında demişdi: "Adamların çoxu batan Günəşə deyil, çıxan Günəşə sitayiş edir". Sulla qəddarlıqda ad çıxarmışdı və tez də öldü. Pompey isə xeyli müddətdə Roma siyasi həyatında parlamaqda davam etmişdi. Yeni dinlər də çıxan Günəşə bənzəyirdi və onlara kütləvi sitayiş, heç şübhəsiz, zərurətin tələbi idi.

İlk monoteist din olan İudaizmdən fərqli olaraq, Xristianlıq və İslam yayılmaq üçün seçdiyi vasitələrin mənəvi cəhətinə məhəl qoymadığından, geniş əraziləri əhatə etdi, dünya dinlərinə çevrildi. Hazırda dünyada bu dinlərin hər birinə 1,5 milyarda qədər adam sitayiş edir.

Dinlər həm də daxilən parçalanaraq, bir-birini qəbul etməyən məzhəblərə bölündülər. İslamın yarandığı VII əsrin özündə sünnü və şiə məzhəbləri meydana gəlmişdi. Xristian dünyası da əvvəlcə katoliklərə və ortodokslara (pravoslavlara) bölünmüş, sonra isə katoliklər, indulgensiya adı altında dindarlardan, kilsə pul yığdığına etiraz əlaməti olaraq parçalanmış, müxtəlif adlardakı böyük protestantlar dəstəsi və ölkələri meydana gəlmişdi. İngiltərə kralı VIII Henri Roma kilsəsi ilə əlaqəsini kəsib, ayrıca anqlikan kilsəsi təsis etmişdi və özü ona başçılıq etmişdi. Xristian dünyasında XVII əsrdə hətta otuz il davam edən dini müharibə getmişdi, katolik ölkəsi olan Fransa dini deyil, siyasi məqsədləri əsas götürərək, protestant dövləti ilə ittifaqa girmişdi.

1648-ci ildə Vestifaliya sülhü ilə başa çatan Otuz illik müharibə təkcə dini savaş olmayıb, həm də dövlət maraqları naminə əks dini məzhəblərə malik olan katolik və protestant dövlətlərinin bir-birilə  ittifaqa girməsi, əslində katoliklərə qarşı birgə cəbhədə vuruşması ilə əlamətdar olmuşdu. Habsburqlara bəslədiyi nifrət hesabına katolik Fransası protestant İsveç ilə sıx hərbi ittifaqda vuruşurdu.

Fransa İspaniyaya qarşı müharibəyə başladıqda, kraliça Anna Avstriyalı ispan kralı olan qardaşına görə , bu hadisəni hiddətlə qarşıladı. Onsuz da, kral XIII Luiyə 12 il ərzində sui-qəsd həyata keçirilməsi cəhdləri aram vermirdi. Öz uzaqgörən siyasəti ilə Fransanı təhlükələrdən qoruyan kardinal Rişelye krala və özünə qarşı olan sui-qəsdlərin qarşısını almağı bacarmışdı. Kralın arvadının və qardaşının İspaniya kralına yazdığı məktub. həyatla vidalaşmaq aqoniyası vaxtı onun əlinə düşdükdə, bu adam ölümə də qalib gələrək, xəyanətə qarşı mübarizəsini davam etdirmişdi. Təəssüf ki, yazıçı Aleksandr Düma-atanın məşhur əsəri ilə kardinal Rişelye yalnız neqativ xüsusiyyətlərin simvoluna çevrilmişdir, əslində isə o, Fransaya daim sədaqətlə xidmət etmək nümunəsi idi. Təsadüfü deyildir ki, Rusiya çarı Böyük Pyotr Fransada onun qəbrini ziyarət edərkən demişdi ki, mən imperiyamın yarısını verərdim ki, digər yarısını onun kimi uğurla idarə edəydim.

Bəzi tarixçilər və yazıçılar parlaq şəxsiyyətləri tam əks şəkildə təsvir etməklə, onlar haqqında həqiqətə uyğun olmayan rəy yaratmaq yolu ilə, özlərinə bu saxtakarlıq hesabına şöhrət qazanırlar. Bu isə ən böyük ədalətsizlik sayılmalıdır. Misal üçün, Bizans imperatriçəsi Teodora, I Yustiniana ərə getməmişdən əvvəl aktrisa kimi əxlaqında qüsurlara da yol vermişdi. Lakin o, böhran vəziyyətində cəsarəti ilə imperiyanı dağılmaqdan xilas etmişdi. 532-ci ildə qalxan qiyam Konstantinopolu xarabazara çevirmişdi. İmperator qorxudan qaçmaq istəyəndə, Teodora ərinə cəsarət dərsi keçmiş, nəticədə paytaxtda qiyamı yatırmaq mümkün olmuşdu. Şəhər yenidən bərpa edilib, daha da abadlaşdırılmışdı, 537-ci ildə isə orada məşhur Ayasofiya məbədinin tikintisinə başlanmışdı. Teodora qorxmazlığı ilə çoxlarına nümunə ola bilər. Onun igidliyi gənclik səhvlərinin üstündən tam qalın xətt çəkir.

Kardinal Rişelye də bir roman hesabına mənfi obraz haləsinə bürünmüşdür. Lakin o, dövlət xadimi kimi Fransaya əvəzsiz sədaqətli bir xidmət göstərmişdir.

Ədalətsizlik nümunəsi kimi, Rusiya imperatriçəsi II Yekaterina barədəki geniş yayılmış rəyi də göstərmək olar.  O, gizlətmədiyi qadın ehtirası hesabına çox sayda eşq macəraları yaşamışdı və məşuqlarından da dövlətin xeyrinə istifadə etməyi bacarmışdı. 34 il ərzində ölkəyə başçılıq edən bu qadın Rusiya imperiyasının xeyli böyüməsinə və dövlətçiliyinin möhkəmlənməsinə nail olmuşdu. II Yekaterina  imperiyanın ərazisini Mərkəzi Qara dəniz ətrafı, Krım, Şimali Qafqaz kimi regionlar və qərbdə isə Reçi Pospolitanın (Polşanın) üç dəfə parçalanması hesabına öz dövlətininin torpaqlarını xeyli genişləndirmişdi.Buna görə onu hətta özünün sələfi olduğu imperator I Pyotrla müqayisə edirlər. Əlbəttə, o, əsasən işğal və asılı xalqların istismarı hesabına Rusiya imperiyası ərazisinin böyüməsinə nail olmuşdu. Lakin iki əsr yarıma yaxındır ki, onun eybəcərliyə çatan şəhvəti barədəki söhbətlər dünyada daha geniş yayılmaqda davam edir və bu, onun dövlət başçısı kimi tarixi xidmətlərini də xeyli kölgədə qoyur.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
525.az

1Sources