EN

Azərbaycanda ədəbi müsabiqələr: TANIŞLIQ, YOXSA İSTEDAD?

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Tez-tez belə deyilir ki, Azərbaycanda ədəbi müsabiqələrdə qaliblərin seçilməsi şəxsi tanışlıqlara və ya verilmiş tapşırıqlara görə olur. Bu, ədəbi müsabiqələrin obyektivliyinə dair ciddi şübhələr yaradır. Eyni zamanda, ölkədə ədəbi müsabiqələrin sayı azdır və bu da gənc yazarların özünü sınamaq imkanlarını məhdudlaşdırır.

Maraqlıdır, müsabiqələrdə obyektivliyin şübhə altına alınmasına səbəb olan əsas amillər hansılardır və şəffaflıq necə təmin edilə bilər? Müsabiqələrin obyektivliyini təmin etmək üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında tanınmış yazıçı Səfər Alışarlı deyib ki, Azərbaycanda ədəbi müsabiqələr bir neçə səbəb üzündən obyektiv keçirilmir: “Məncə, birinci səbəb əhalinin maddi durumunun aşağı olmasıdır (zatən, bu həmişə belə olub): hamı qəpik-quruşa möhtacdır. Münsiflər, təşkilatçılar da. Ona görə tanımaza-bilməzə kiminsə əsərinə müəyyən məbləğ və şöhrət payı ayırmağa hər jürinin əli gəlməz. Bu məsələ həm də xalqın ümumi mədəni səviyyəsilə bağlıdır. Ac adamdan düzlük, dürüstlük gözləmək yersizdir.

İkinci, bəlkə birincidən də ciddi məsələ, ictimai-siyasi konyunkturadır. Azərbaycan ədəbi mühiti təkpartiyalı sovet sistemində də yaradıcı adamları və onların əsərlərini siyasi mövqeyinə görə irdələyib. “Ura-patriotizmdən” uzaq müəlliflər həmişə sıxışdırlıb, onların əsərləri çap edilməyib, onlar çörəkli yerlərdən uzaqlaşdırılıb. Bu iş bizdə o vaxtlar Moskvadakından da kəskin qoyulmuşdu. Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi ki, “Gülüstan”dan (“Gülüstan” poeması) sonra mənə dedilər ki, sənin bir çarən var, o da Lenin haqqında poema yazmaqdır. Bax, həmin məsələdir. Əhatə dairəsinin bütün genişliyi ilə”.

Yazıçı vurğulayıb ki, Azərbaycan hakimiyyəti ədəbiyyata partiya işinin vintciyi, təkərciyi kimi baxmağa son qoymalıdır: “Mədəniyyətin özünəməxsus inkişaf və inikas qanunları var. Feyerbax deyirdi ki, yalnız həqiqi olan nəsnə gözəl ola bilər. Eyni zamanda, hər həqiqi olan da mədəni-estetik baxımdan gözəl ola bilməz. Bu iki mövqeyin arasında sənətə və onun estetikasına yanaşmağa bizim çinovnikin gücü və qabiliyyəti aşkar çatmır. Ona görə deyilib ki, sənətdən mükafat umma dünyada”.

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
azpolitika.info

1Sources