EN

Azərbaycanın Sülh Şurasında iştirakı strateji maraqların nəticəsidir - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh prosesini gücləndirmək məqsədilə təsis etdiyi Sülh Şurasının fəaliyyəti çərçivəsində həyata keçirilir və Azərbaycan üçün strateji seçim xarakteri daşıyır”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. O vurğulayır ki, Azərbaycanın Sülh Şurasında iştirakının bir neçə əsas səbəbi var.

“Birincisi, Bakı ilə Vaşinqton arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri Sülh Şurasında iştirakın zəruriliyini şərtləndirir. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də bu ilin fevralında imzalanan strateji tərəfdaşlıq xartiyası Azərbaycanın mövqeyini möhkəmləndirib. Eyni zamanda, Sülh Şurasının üzvləri sırasında Azərbaycanın strateji tərəfdaşlarının – Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının – iştirak etməsi də Bakının qərarına təsir göstərib. Ermənistanın Sülh Şurasına üzv olması isə Azərbaycanın Vaşinqtona mənfi cavab vermək seçim imkanını məhdudlaşdırıb”, – politoloq əlavə edib.

Digər tərəfdən, ekspert hesab edir ki, Azərbaycanın Qəzzanın yenidənqurulması prosesində iştirakı Sülh Şurasına üzv olmaqla birbaşa bağlıdır:

“Ötən ilin oktyabrında Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzuladığını nümayiş etdirdi. Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyi açıqlanmasına baxmayaraq, rəsmi Bakı Qəzzanın bərpası layihəsində iştirakdan imtina etmədi. ABŞ bu prosesə nəzarət edəcək və yalnız Sülh Şurasının üzvü olan ölkələrə iştirak imkanı tanıyacaq. Azərbaycanın İsraillə yanaşı Fələstinlə də diplomatik münasibətləri mövcuddur və balanslı yanaşma Qəzzanın yenidənqurulmasında iştirakı labüd edib”.

E.Şahinoğlunun fikrincə, ABŞ administrasiyası Sülh Şurasını yalnız Qəzzayla məhdudlaşdırmaq niyyətində deyil, gələcəkdə onu daha geniş və güclü beynəlxalq platformaya çevirmək istəyir:

“Azərbaycan superdövlət statusuna malik ABŞ-ın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qala bilməz. Bu baxımdan Sülh Şurasına üzvlük strateji məna daşıyır və Azərbaycanın regional və qlobal maraqlarının təminatıdır”.

Chosen
43
hafta.az

1Sources