EN

Nəhənglərdən heç biri büdrəmədi - İCMAL

İngiltərə kubokunda 1/16 finalın oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, evdə “Brayton”u darmadağın edən “Liverpul” inamla növbəti mərhələyə adladı.

Bir qədər təəccüb doğursa da, mersisaydlılar oyuna çox süst başladılar, ilk yarının ikinci hissəsində fəallaşdılar və Consun məhsuldar zərbəsi sayəsində hesabı açdılar. Ancaq Slotun komandası bununla kifayətlənmədi. 2-ci hissənin əvvəlində Soboslai fərqi artırdı. Bir qədər sonra meydan sahibləri 3-cü qolu da vurdu. Salah özü qazandığı penaltini inamla yerinə yetirdi. “Qağayılar”ın “qırmızılar”a heç bir müqavimət göstərmədiyini demək olmaz. Qonaqlar oyunun gedişində bir neçə real qol vəziyyəti yaratdı, Alissonu ciddi şəkildə oyuna qoşulmağa məcbur etdi, ancaq hətta bir qol da vura bilmədilər. Bu məğlubiyyətdən sonra Hürtselerin “qağayılar”ın baş məşqçi postundakı gələcəyi bir qədər də sual altına düşdü.

London nəhənglərindən “Çelsi” çempionşipin güclülərindən “Hall Siti”ni darmadağın etdi. Neto bu qələbəyə het-triklə töhfə verdi. Portuqaliyalı yarımmüdafiəçi 2-cu qolu künc zərbəsindən topu qapıçının ayaqları arasından keçirməklə vurdu. Neto ilə yanaşı, üç məhsuldar ötürmə verən Delap da darmadağında önəmli rol oynadı. O, iki dəfə Netoya, bir dəfə Estevaoya məhsuldar ötürmə verdi.

Londonun digər nəhəngi “Arsenal” isə “Uiqan Atletik”in işini cəmi 27 dəqiqəyə bitirdi. Komandalar fərqli çəki dərəcəsində döyüşən boksçuları xatırladırdı.

“Mançester Siti” də bu mərhələni asanlıqla keçdi. 6-cı dəqiqədə rəqib avtoqolu ilə önə keçən “şəhərlilər” 81-ci dəqiqədə ikinci qolu vurmaqla oyunun taleyini həll etdi.

“Qarabağ”ın ÇL-in pley-offundakı rəqibi “Nyukasl”ın “Aston Villa” ilə səfər oyunu azərbaycanlı futbolsevərlərdə də maraq doğururdu. Axı Birmingem klubu cari mövsümün kəşflərindən sayılır, premyer-liqada yalnız “Arsenal”la “Mançester Siti”dən geri qalır. “Aston Villa” 14-cü dəqiqədə hesabı açsa da, Bizotun 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə qovulması Unay Emerinin bütün planlarını pozdu. Tonali 63 və 76-cı dəqiqələrdə vurduğu qollarla dubl etdi. Voltemadenin 88-ci dəqiqədə vurduğu qol isə “nəzarət atəşi” idi. “Sağsağanlar”ın almaniyalı forvardı 14 oyunluq qolsuz seriyaya son qoydu. Yeri gəlmişkən, o, oyun günü 24 yaşını tamamladı.

Elita klublarından “Vest Hem”, “Lids”, “Vulverhempton”, “Sanderlend” və “Fulhem” aşağı liqa təmsilçilərini mübarizədən kənarlaşdırmağı bacardısa, “Bernli” “Mansfild” önündə “ağ bayraq qaldırdı”.

1/16 final
Liverpul - Brayton 3:0

Cons, 42. Soboslai, 55. Salah, 68-p.
Liverpul: Alisson, Soboslai, Konate, Van Diyk, Kerkez, Cons (Nyoni, 89), Makallister, Salah (Nqumoa, 77), Virts (Qomes, 71), Kyeza (Ekitike, 77), Qakpo (Remzi, 89).

Hall Siti (D-2) – Çelsi 0:4
Neto, 40; 51; 71. Estevao, 59.
Çelsi: Sançes, Ceyms (Açimponq, 60), Fofana (Adarabioyo, 77), Sarr, Hato, Santos, Kaysedo (Fernandes, 60), Estevao (Derri, 77), Neto, Qarnaço, Delap (Mxeka, 88).

Arsenal - Uiqan Atletik (D-3) 4:0
Madueke, 11. Martinelli, 18. Hant, 23-öz qapısına. Jezus, 27.
Arsenal: Kepa (Setford, 87), Uayt (Subimendi, 79), Saliba (Salmon, 61), Moskera, Lüis-Skelli, Saka (Dyökereş, 46), Nerqor, Eze, Madueke (Trossar, 62), Martinelli, Jezus.

Mançester Siti - Solford (D-4) 2:0
Dorrinqton, 6-öz qapısına. Qehi, 81.
MS: Trafford, Alleyn (Makaydu, 22), Xusanov, Stounz (Qehi, 65), Ayt-Nuri (O’Rayli, 64), Lüis, Niko (Rodri, 75), Reynders, Foden (Semenyo, 65), Şerki, Marmuş.

Aston Villa - Nyukasl 1:3
Abraham, 14 – Tonali, 63; 76. Voltemade, 88.
Nyukasl: Ramsdeyl, Holl, Bern, Tiav, Trippyer (A.Merfi, 90), Remsi (Uillok, 80), Tonali, Osula (Qordon, 63), Barns, C.Merfi (Elanqa, 63), Voltemade.

Bernli - Mansfild (D-3) 1:2
Lorent, 21 – Eyts, 53. Rid, 80.

Berton Albion (D-3) - Vest Hem 0:1, əlavə vaxtda
Sammervill, 95.

Birmingem (D-2) - Lids 1:1, p. – 2:4
Roberts, 90 – Nmeça, 49.

Qrimsbi Taun (D-4) – Vulverhempton 0:1
Bueno, 60.

Oksford Yunayted (D-2) – Sanderlend 0:1
Diarra, 32-p.

Stok Siti (D-2) – Fulhem 1:2
Pe, 19 – Kevin, 55. Rid, 84.

Norviç (D-2) - Vest Bromviç (D-2) 3:1
Maqoma, 31. Krisine, 82. Ture, 90+3 – Maca, 68.

Rekshem (D-2) - İspviç (D-2) 1:0
Uindass, 34.

Sauthempton (D-2) - Lester (D-2) 2:1, ə.v.
Larin, 45+1-p. Bri, 109 – Skipp, 52.

Maklsfild (D-6) – Brentford 0:1
Hitkot, 70-öz qapısına.

“Port Veyl” (D-3) – “Bristol Siti” (D-2) oyunu martın 3-də keçiriləcək.

Oyundan sonra
Liam Rosenyor, “Çelsi”nin baş məşqçisi:
“Düşünürəm ki, ümumilikdə komanda işi daha pozitiv məqam oldu. Pressinq, intensivlik, işgüzarlıq xoşuma gəldi, Pedro Neto bunu möhtəşəm nümayiş etdirdi. Belə istedadlı oyunçularım olduğuna görə bəxtim gətirib. Çox tez anladım ki, onlar, sadəcə, yaxşı oyunçular deyil, möhtəşəm peşəkarlardı. Hesab edirəm ki, komanda bu gün premyer-liqaya vəsiqə uğrunda mübarizə aparan çox güclü komandaya qarşı əsl peşəkar futbol göstərdi. Asan oyun deyildi. Oyunumuzun bəzi epizodları məhz görmək istədiyim kimi idi, ancaq hər şeydən əvvəl bir baş məşqçi kimi bu gün məni komanda keyfiyyətlərinin üzə çıxması sevindirdi”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Rəqib çox yaxşı, sıx müdafiə olundu, biz isə hücum etmək üçün zonalardan lazımınca yararlanmadıq. İkinci qola qədər bərabər oyun getdi, biz heç də yaxşı oynamadıq. Bəzən elə olur ki, möhtəşəm futbol göstərib 1:0 hesabıyla qalib gəlirsən. Bəzən də 3:0 udursan, ancaq heç də yaxşı oynamırsan. Çox çətin üç həftə keçirdik, çoxlu oyun oldu. Bu zaman kəsiyində sonuncu oyunumuz idi, artıq bir qədər dincəlmək olar”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Oyunun ən vacib məqamı qollardı, xüsusən də ikinci qol. Həmin qol bizə inam gətirdi. Alissonun möhtəşəm seyvini də qeyd etməliyəm. 3:0 hesabı inamlı qələbə kimi görünür, ancaq hesabla müqayisədə bərabər oyun getdi. Bu gün fəal şəkildə pressinq etmək imkanımız oldu. Cari mövsümün bir çox oyununda rəqiblərin oyun üslubuna görə bu mümkün deyildi. Müasir premyer-liqada standart vəziyyətlərin önəmi artıb. Bütün komandaların oyun üslubu önəmli şəkildə dəyişib”.
Chosen
23
football-plus.az

1Sources