EN

“Nə qədər ki, sağam, bu dərd məni yandıracaq” – Xocalı şahidi

"Burada bizim itkin ailələrimiz iştirak edir. Həm Xocalıdan olan itkin ailələri, həm də onlara dəstək olmaq üçün gələn digər ailələr var. Biz xüsusilə Xocalı ailələrinin yaşadığı sosial və psixoloji problemlər barədə onları dinləmək istəyirik. Xahiş edirəm, qısa və konkret danışaq. Ziya xanım, sözü sizə vermək istərdim. Bildiyimə görə, siz də itkin ailəsisiniz. Öz doğmalarınızı, əzizlərinizi itirmisiniz və bu gün də həmin ağrıları yaşamağa davam edirsiniz. Doğrudur, bu ağır acılar bizim yaddaşımızdan heç vaxt silinməyəcək. İtkin ailələrinin valideynlərindən tez-tez belə bir ifadə eşidirik: “Nə qədər ki, sağam, bu dərd məni yandıracaq.” Həqiqətən də, bu ağrı ömür boyu insanın içində qalır. Allah bütün ailələrə səbr versin".

QHT.az xəbər verir ki, bu fikirləri Xocalı faciəsində yaxınlarını itirmiş Vərziyar Əliyeva Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, bəzi ailələrdə bir neçə nəfər eyni vaxtda itkin düşüb. Elə ailələr var ki, ata, iki oğul və ya həyat yoldaşı birlikdə itkin düşüb:

"Bu, faciənin miqyasını daha da ağırlaşdırır. Müxtəlif illərdə itkinlərlə bağlı müxtəlif məlumatlar yayılıb, guya haradasa sağ olduqları barədə xəbərlər gəlib, sənədlər təqdim edilib. Lakin sonradan bu məlumatların bir çoxunun doğru olmadığı üzə çıxıb və ailələr yenidən sarsıntı yaşayıb. Elə ailələr var ki, bir ailədən üç nəfər itkin düşüb. Xocalı faciəsi zamanı çox sayda insan ağır xəsarətlər alıb, ailələr parçalanıb. Bu gün də həmin ağrılarla yaşayan insanlar var. Ümumilikdə, Xocalı və digər işğal olunmuş ərazilərdə baş verən hadisələr nəticəsində onlarla ailə böyük itkilər verib. Bu itkilərin hər biri bir ailənin faciəsi, bir ömürlük dərdidir".

 

Chosen
4
qht.az

1Sources