BAKI, 20 fevral. TELEQRAF
"Aparılan təhlillərdən görünür ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərin 90 faizindən çoxu, həbs qətimkan tədbirininn uzadılması ilə bağlı vəsatətlərin isə 80 faizindən çoxu təmin edilib".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Hakimlərin ikinci Forumu çərçivəsində cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar panelində çıxış edən Ali Məhkəmənin cinayət kollegiyasının sədri Hafiz Nəsibov deyib.
O qeyd edib ki, məhkəmənin icraata effektiv nəzarəti onun keyfiyyətinə birbaşa təsir göstərir. İcraatın keyfiyyətinin artırılması isə hazırda qarşıda duran mühüm vəzifələrdəndir: "Cinayət araşdırmasının ilkin mərhələsində yol verilən nöqsanlar, xüsusilə prosessual pozuntular və düzgün icra olunmamış istintaq hərəkətləri icraatın sonrakı mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsində hazırlıq iclasında və ya apellyasiya baxışı zamanı əksər hallarda aşkarlanmır və ya onlara lazımi hüquqi qiymət verilmir.
Apellyasiya instansiyası məhkəməsində işlər bir qayda olaraq, məhkəmə istintaqı aparılmadan araşdırıldığından ilkin mərhələdə buraxılmış pozuntular diqqətdən kənarda qala bilir. Halbuki həmin nöqsanlar cinayət prosesinin başlanğıc mərhələsində formalaşır və sonrakı icraata birbaşa təsir göstərir.
Nəticədə bu cür pozuntular kassasiya qaydasında məhkəmə qərarlarının ləğv edilməsinə və işlərin yenidən apellyasiya baxışına qaytarılmasına səbəb olur".