EN

“Azərbaycan Sülh Şurasından kənarda qala bilməzdi” POLİTOLOQ

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp tərəfindən təsis edilən Sülh Şurasının ilk iclası keçirilib. Sülh Şurası bu ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində yaradılıb. Toplantıya dəvət olunan liderlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Sülh Şurasında iştirakının bir neçə mühüm səbəbi var.

Strateji tərəfdaşlıq amili

Onun sözlərinə görə, ilk səbəb Azərbaycanla ABŞ arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləridir. Xatırladılır ki, ötən ilin avqustunda Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişini paraflayıblar.

Bu ilin fevralında isə ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Bakıya səfəri zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyası imzalanıb. Politoloqun fikrincə, belə bir fonda rəsmi Bakı Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasından kənarda qala bilməzdi.

Elxan Şahinoğlu vurğulayır ki, Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının da Sülh Şurasına üzv olması Bakının qərarına təsir edən amillərdəndir.

Politoloq əlavə edir ki, digər mühüm səbəb Ermənistanın da bu təşəbbüsə qoşulmasıdır. Əgər Ermənistan Trampın təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək imkanları məhdud idi.

Qəzza faktoru və Yaxın Şərq balansı

Elxan Şahinoğlu ikinci səbəb kimi Yaxın Şərq amilini göstərir. Onun sözlərinə görə, Donald Tramp ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə İlham Əliyevi də dəvət etmişdi. Bu, Vaşinqtonun Azərbaycanın bölgədəki roluna önəm verdiyini göstərirdi.

Politoloq xatırladır ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini bəyan etsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Şahinoğlunun fikrincə, yenidənqurma prosesinə ABŞ nəzarət edəcəyi üçün Sülh Şurasında təmsil olunmaq vacib şərtə çevrilib. Trampın da dəvəti qəbul etməyən ölkələrin Qəzzanın bərpasında iştirak etməyəcəyini bildirməsi bu amili daha da aktuallaşdırıb.

Ekspert vurğulayır ki, Azərbaycanın həm İsraillə, həm də Fələstinlə diplomatik münasibətləri mövcuddur və rəsmi Bakı Yaxın Şərq siyasətində balansı qorumağa çalışır. Bu baxımdan Qəzzanın yenidən qurulmasında iştirak Azərbaycanın regional siyasətinə uyğun addım kimi qiymətləndirilir. Hətta Azərbaycanın bu prosesə müəyyən həcmdə maliyyə ayırmasının da istisna olunmadığı bildirilir.

Yeni təhlükəsizlik arxitekturası

Üçüncü səbəb isə Sülh Şurasının gələcək perspektivi ilə bağlıdır. Elxan Şahinoğlunun sözlərinə görə, Donald Tramp və onun administrasiyası Sülh Şurasının fəaliyyətini yalnız Qəzza ilə məhdudlaşdırmaq niyyətində deyil. Məqsəd bu platformanı gələcəkdə güclü beynəlxalq təşkilata çevirməkdir.

Politoloq hesab edir ki, super dövlət statusuna malik ABŞ-nin formalaşdırmağa çalışdığı yeni təhlükəsizlik arxitekturası prosesindən Azərbaycan kənarda qalmamalıdır. Onun fikrincə, Sülh Şurasında iştirak Bakıya həm regional, həm də qlobal proseslərdə söz sahibi olmaq imkanı qazandıra bilər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
azpolitika.info

1Sources