EN

Deputat: Əsas prioritet yalnız yeni tikililər deyil, həm də mövcud problemlərin həllidir

Yazını böyüt
Yazını kiçilt

“Qəzalı vəziyyətdə olan binaların taleyi və tikintisi yarımçıq qalmış yaşayış obyektlərinin aqibəti artıq təxirə salınmamalıdır. Bu istiqamətdə ciddi dövlət dəstəyi olmalıdır”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa səsləndirib.

Deputat 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunmasına diqqət çəkərək bildirib ki, bu təşəbbüs yalnız formal xarakter daşımamalı, maddi dəyərlərimizə və vətəndaşların yaşayış keyfiyyətinə münasibətin real göstəricisinə çevrilməlidir.

O vurğulayıb ki, mövcud problemlər növbəti illərə ötürülməməli, operativ və sistemli şəkildə həll olunmalıdır. Çünki söhbət birbaşa insanların təhlükəsizliyindən və sosial rifahından gedir.

Fazil Mustafa girovlu əmlak məsələsinə də toxunub. Onun sözlərinə görə, bir çox hallarda vətəndaşlar kredit borclarını tam ödəsələr də, əmlakları girovluqdan çıxarılmır. Bu isə əlavə bürokratik maneələr yaradır və insanları artıq inzibati yük altında saxlayır. Deputat hesab edir ki, şəhərsalma siyasəti vətəndaşı çətinliyə salan inzibati əngəllərin aradan qaldırılması ilə müşayiət olunmalıdır.

Deputat paytaxtın qəsəbələrində sosial infrastrukturun yetərsizliyinə də diqqət çəkib. Xüsusilə Zabrat qəsəbəsində sakinlərin normal istirahəti üçün parkın olmaması ciddi problem kimi qiymətləndirilib. Onun fikrincə, uzun illər istifadə olunmayan neft sahələri mövcuddur və artıq sənaye məqsədilə istismar olunmadığından həmin ərazilər ictimai istifadəyə verilməli, park və ya yaşıllıq zonalarına çevrilməlidir.

Fazil Mustafanın fikirləri göstərir ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində əsas prioritet yalnız yeni tikililərin inşası deyil, həm də mövcud problemlərin aradan qaldırılması, vətəndaş məmnuniyyətinin təmin olunması və şəhər mühitinin insan yönümlü şəkildə formalaşdırılması olmalıdır.

Chosen
45
hafta.az

1Sources